
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operası əsasında Prezident mükafatçısı, rejissor Samir Qulamovun quruluşunda hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Primeinfo.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim edilən səhnə əsəri böyük maraq və alqışlarla qarşılanıb.
İlk səhnələşdirilməsi 12 ( köhnə təqvimlə 25) yanvar 1908-ci ildə Tağıyev Teatrında, yəni indiki Akademik Musiqili Teatrın köhnə binasında oynanılan tamaşa 115 ildən sonra (2023-cü ildə) yenidən doğma səhnəyə qayıdıb və yeni quruluşda artıq 30-cu dəfə nümayiş olunub.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçısıları Əməkdar artist Elxan Mansurov və Bəbir Mahmudov, konsertmeysteri Fidan Əliyeva, rejissor assistentləri Əmrah Dadaşov və Sevinc Məmmədovadır.
Səhnə əsərində Əməkdar artist Nadir Xasiyev, respublika və beynəlxalq muğam müsabiqələrinin qalibləri İlahə Rüstəmova və Orxan Hüseynli, aktyorlar Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Gülnarə Abdullayeva, Azər Pənahov, İranə Kərimova, Bacıxanım Sadıqova, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, həmçinin xor və balet artistləri iştirak ediblər.





















