
Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi və real suveren dövlət kimi inkişafının yeni mərhələsinə keçməsi baxımından mühüm dönüş nöqtəsi olub. Bu gün ölkənin qarşısında duran məsələlər isə müstəqilliyin ilk illərindəki çağırışlardan əhəmiyyətli dərəcədə fərqlənir.
Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri ADA Universitetinin rektoru, Azərbaycanın ABŞ-dəki keçmiş səfiri Hafiz Paşayev CAMCA Regional Forumunun “Dövlət xadimlərinin söhbəti: Dəyişən dünyada CAMCA-nın rolu” adlı plenar sessiyasında çıxışı zamanı səsləndirib.
H.Paşayev bildirib ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və suverenliyini tam şəkildə təmin etməsi uzun illər ərzində onun üçün xüsusi əhəmiyyət daşıyan əsas məsələlərdən biri olub.
“Azərbaycan torpaqlarını işğaldan azad etdi və biz real suveren dövlətə çevrildik. Vaşinqtonda keçirdiyim dövr ərzində bunun baş verməsini arzulamışam. Bu, mənim üçün əsas məsələlərdən biri idi”, – deyə H.Paşayev vurğulayıb.
ADA Universitetinin rektoru qeyd edib ki, hazırda Azərbaycanda və regionda müzakirə olunan məsələlər ölkənin ötən onilliklər ərzində keçdiyi inkişaf yolunun nəticəsini də göstərir.
“CAMCA Regional Forumunda səsləndirilən fikirlər və müzakirə olunan yeni təşəbbüslər regionun gündəliyində ciddi dəyişikliklərin baş verdiyini nümayiş etdirir. Bu gün Azərbaycanda baş verənlər haqqında burada çox danışıldı. Düşünürəm ki, gələcək parlaqdır. Konfransın iştirakçılarını dinlədikcə görürəm ki, bu gün irəli aparmağa çalışdıqları məsələlər təxminən 35 il əvvəl diqqət yetirməyə başladığımız məsələlərdən tamamilə fərqlidir”, – deyə Hafiz Paşayev bildirib.