
Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub.
Primeinfo.az xəbər verir ki, Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbin 42 şagirdi xəstəxanaya yerləşdirilib.
Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir.
Zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırma aparılır. AQTA-dan bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
11:36
Oktyabrın 2-də saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən olunub. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər.
Qeyd edək ki, ötən gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbin 7 şagirdi də şirniyyatdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.