
Son günlər həm Türkiyədə, həm Azərbaycanda Azərbaycan–Türkiyə qardaşlığına kölgə salmağa çalışan cahil səslər eşidilir. Kimisi xarici maraqların dili ilə danışır, kimisi isə özünü “millətçi” göstərərək qardaşına qarşı nifrət toxumu səpir.
Amma tarix saxtakarları və oturduğu budağı kəsən avamları sevmir və bağışlamır !
1918-ci ildə Azərbaycan xalqı dara düşəndə, soyqırıma məruz qalanda Türkiyə harada idi? Yanımızda!
Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakıya gəldi, Azərbaycan xalqının istiqlal mübarizəsinin yanında dayandı. Onu soyqırımdan qurtardı. O günləri unutmaq nə tarixə, nə şəhidlərə, nə də bu torpağın yaddaşına hörmətdir.
2020-ci ildə qalıb gəldiyimiz Vətən müharibəsində Türkiyə harada idi? Yenə yanımızda!
44 gün ərzində Türkiyənin siyasi, mənəvi hərtərəfli dəstəyi Azərbaycan xalqının yaddaşında və tarixində əbədi qalacaq.
Bəs Türkiyə çətin günlər keçirəndə, beynəlxalq arenada, Fransa, İsrail tərəfindən qondarma erməni soyqırımı ilə bağlı ağır ittihamlara məruz qalanda Azərbaycan harada olub?
Yenə Türkiyənin yanında!
Çünki biz bunu siyasi maraq üçün etmirik. Biz bunu qardaş olduğumuz üçün edirik.

Kimlərinsə Tel-Əvivdən, Moskvadan, Vaşinqtondan, Tehrandan və ya başqa bir paytaxtdan gələn küləklə Azərbaycanla Türkiyənin arasına nifaq salmaq arzusu ola bilər. Amma unutmasınlar ki, Azərbaycan xalqının Türkiyə sevgisi heç bir xarici paytaxtın icazəsi ilə yaranmayıb ki, hansısa paytaxtın təlimatı ilə də yox olsun!
Bizim münasibətimiz bir hökumətin o biri hökumətə münasibəti deyil.
Bu, iki dövlətin diplomatik əlaqələrindən qat-qat böyükdür.
Bu, iki millətin tarixi qardaşlığıdır.
Ət ilə dırnaq arasına girmək istəyənlərə sözümüz birdir: Ət də bizimdir, dırnaq da. Araya girmək istəyən isə yad tullantıdır.
Bizim ayrılığımızı arzulayanlar heç onlar məlumdur. Amma bilmədən, düşünmədən küyə gedib bunun üçün çalışanlar birdəfəlik qəbul etsin ki, Azərbaycan və Türkiyə bir-birindən ayrı düşünüləndə tariximiz də, gələcəyimiz də yarımçıq və müdafiəsiz qalır. Bu reallıqdır. Biz bir millətik, iki dövlətik.
Qalan bütün hesablar gəldi-gedərdir, təfərrüatdır.
Yaşasın Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığı!!!
Anar Turan, “Milli Fikir və İnkişaf” İctimai Birliyinin sədri