İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri Şəbəkəsi (OIC-CERT) üzv dövlətlərin kibertəhlükəsizlik ekosistemi, fəaliyyət istiqamətləri və nailiyyətlərini əks etdirən “OIC-CERT 2025 ANNUAL REPORT” illik hesabatını yayımlayıb. Elektron Təhlükəsizlik Xidmətindən Primeinfo.az-a verilən xəbərə görə hesabatda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) 2025-ci il ərzində ölkədə kibertəhlükəsizlik mühitinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, maarifləndirmə fəaliyyəti və beynəlxalq əməkdaşlıq çərçivəsində atdığı addımlar əks olunub. Bununla yanaşı, ETX-nin beynəlxalq kibertəhlükəsizlik platformalarında aktiv iştirakı, tərəfdaş qurumlarla əməkdaşlığın genişləndirilməsi və qlobal kibertəhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələr də diqqətə çatdırılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) fərdi məlumatların mühafizəsi sahəsində maarifləndirmə və metodiki dəstək layihəsinə başlayıb. Primeinfo.az-a verilən xəbərə görə, layihə çərçivəsində ilk təlim telekommunikasiya sektorunda fəaliyyət göstərən operator və provayderlərin nümayəndələri üçün keçirilib. 110-dan çox operator və provayder nümayəndələrinin iştirak etdiyi təlimin əsas məqsədi telekommunikasiya sahəsində fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı qanunvericilik tələblərinin izah edilməsi, habelə bu sahədə mövcud öhdəliklərin icrası üzrə metodiki dəstəyin göstərilməsidir.
Son dövrlər sosial şəbəkələrdə “cərimələrin ödənilməsi”, “cəriməyə endirim”, “borcun bağlanılması” və oxşar məzmunlarla reklam edilən bəzi internet səhifələrinin fişinq məqsədilə istifadəsi müşahidə olunur. Primeinfo.az Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib ki, aparılan monitorinqlər zamanı ayrı-ayrı saxta internet resurslarının rəsmi dövlət platformalarını təqlid edərək istifadəçilərin bank kartı məlumatlarını və digər fərdi məlumatlarını ələ keçirməyə cəhd edildiyi müəyyənləşib. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara sosial şəbəkələrdə yayılan şübhəli reklamlara etibar etməməyi, naməlum keçidlər vasitəsilə ödəniş əməliyyatları aparmamağı, kart məlumatlarını, CVV/CVC və təsdiq kodlarını üçüncü şəxslərlə paylaşmamağı, ödənişləri yalnız rəsmi və dövlət informasiya sistemləri üzərindən həyata keçirməyi, daxil olduqları internet səhifələrinin domen ünvanlarını diqqətlə yoxlamağı tövsiyə edir.