
Mayın 26-na keçən gecə ABŞ hərbi qüvvələri İranın cənubunda yerləşən bir sıra hədəflərə özünümüdafiə məqsədilə zərbələr endirib.
Primeinfo.az “Fox News”a istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, zərbələrin hədəfi raket buraxılış məntəqələri və mina yerləşdirməyə çalışan qayıqlar olub.
CENTCOM-un sözçüsü, Hərbi Dəniz Qüvvələrinin kapitanı Tim Hokinsin sözlərinə görə, ABŞ ordusu hazırkı atəşkəs şəraitində təmkin nümayiş etdirməyə davam edir. Bununla belə, bölgədə yerləşən Amerika qüvvələrinin təhlükəsizliyinin təmin olunması üçün zəruri addımlar atılacaq.
Bundan əvvəl “Mehr” agentliyi İranın cənubundakı Bəndər Abbas limanı ətrafında partlayış səslərinin eşidildiyini xəbər vermişdi. O cümlədən, İsfahan, Babul və Əndimeşk şəhərlərində də partlayış səsləri və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti barədə məlumatlar yayılıb.