
Bu il oktyabrın 29-da Bakıda Dövlət Turizm Agentliyinin tabeliyində AzərbaycanTurizm Bürosu (ATB) və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə “PATA Hosted Buyers Summit Baku 2026” tədbiri keçiriləcək.
Bu barədə Primeinfo.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Məlumata görə, tədbirdə Asiyanın turizm bazarlarını təmsil edən şirkətlərin nümayəndələri ilə Azərbaycanın turizm sənayesi təmsilçiləri arasında görüşlər təşkil olunacaq.
Bildirilib ki, tədbirin məqsədi Azərbaycan ilə Asiyanın əsas turizm bazarları arasında əlaqələrin genişləndirilməsi və ölkənin turizm imkanlarının beynəlxalq səyahət peşəkarlarına təqdim edilməsidir.
Sammit çərçivəsində Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya və Cənubi Koreyadan 50 turizm peşəkarının iştirakı ilə yerli turizm şirkətləri arasında B2B görüşlər keçiriləcək. Görüşlər zamanı əməkdaşlıq imkanlarının müzakirəsi və yeni işgüzar əlaqələrin qurulması nəzərdə tutulur.
Tədbirə oktyabrın 24-30-da təşkil olunacaq tanışlıq səfəri də daxildir. Səfər çərçivəsində iştirakçılar Bakı, Şamaxı, Qəbələ, Şəki və Qaxda olacaq, Azərbaycanın tarixi-mədəni irsi, təbii resursları, qonaqpərvərlik ənənələri və turizm infrastrukturu ilə tanış olacaqlar.
Proqram zamanı Azərbaycanın İpək Yolu irsi, dağ və təbiət turizmi, işgüzar (MICE) turizm, “Umrah Plus” proqramları və fərdiləşdirilmiş səyahət imkanları təqdim ediləcək. Həmçinin Azərbaycanın qonşu ölkələrlə birlikdə çoxölkəli Qafqaz turizm marşrutlarına daxil edilməsi imkanları müzakirəyə çıxarılacaq.
“PATA Hosted Buyers Summit Baku 2026” yerli turizm şirkətlərinin Asiya bazarlarını təmsil edən peşəkarlarla birbaşa əlaqələr qurmasına, əməkdaşlıq imkanlarını genişləndirməsinə və Azərbaycan turizm məhsullarının beynəlxalq səyahət proqramlarında təşviqinə xidmət edəcək.