
“T-Finans LTD” MMC şirkəti tərəfindən Qarabağ bölgəsinin Xankəndi şəhərində yeni şirniyyat və şokolad mağazalar şəbəkəsi açılacaq.
Primeinfo.az-a bu barədə şirkətin mətbuat katibi Ruhəngiz Əliyeva məlumat verib.
Onun sözlərinə görə, sahibkar Məhbubə Mehmanlının sahib olduğu şirniyyat və şokolad mağazalar şəbəkəsinin açılış mərasimi 27 apreldə saat 19:00-da Xankəndi Ticarət Mərkəzində baş tutacaq.
Açılış mərasimində tanınmış sənətçilər – Əməkdar artist İlkin Əhmədov, müğənni Nuray Rəhman və ailəsi iştirak edəcək.
Tədbir çərçivəsində məşhur şirniyyat ustası, kulinar Bəhruz Qəlbinurun hazırladığı yüksək keyfiyyətli qənnadı məhsullarının təqdimatı və satışı da təşkil olunacaq. Məhsulların, xüsusilə Xocalı və Xocavənd rayonlarının əhalisi üçün əlçatan olması nəzərdə tutulur.
Bundan əlavə, Xocalı rayonunun Xanabad kəndində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin adını daşıyacaq yeni tikiş fabrikinin açılışı nəzərdə tutulur. Sözügedən fabrikdə yerli sakinlərdən 300 nəfər daimi işlə təmin ediləcək, bu da regionda məşğulluğun artırılmasına mühüm töhfə verəcək.
R.Əliyeva qeyd edib ki, fabrikin istehsal edəcəyi məhsulların “Suvella” Xanabat brendi adı altında şirkətin Polşa və Türkiyə filiallarında satışının təşkili də planlaşdırılır. Eyni zamanda, Xocavənddə əhalinin fındıq bağlarının becərilməsi və mövsümi kənd təsərrüfatı işlərinə cəlb olunması istiqamətində də tədbirlər görüləcək.
“Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağda sahibkarlara yaratdığı şərait və göstərilən dövlət dəstəyi “T-Finans LTD” MMC şirkətini yeni lahiyələr üzərində işləməyə ruhlandırır”, – deyə məlumatda bildirilir.