
Türkiyədə 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunur.
Primeinfo.az xəbər verir ki, Türkiyənin vilayətlərində, habelə ölkənin xaricdəki diplomatik nümayəndəliklərində bayram tədbirləri və yürüşlər təşkil olunur.
Ölkənin gənclər və idman naziri uşaqlar və yeniyetmələrlə birlikdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edəcək.
Mövcud ənənəyə görə, yüksəkvəzifəli şəxslər müvəqqəti olaraq vəzifələrini uşaqlara təhvil verir və bununla da dövlətin gələcək nəsil Türkiyə vətəndaşlarına verdiyi əhəmiyyəti vurğulayırlar.
Kapadokiya turizm bölgəsinin üzərindən səmaya Türkiyə bayraqları daşıyan onlarla hava balonu qalxacaq.
1919-cu il mayın 19-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk Samsun şəhərində gənclərə müraciət edərək ölkə ərazisinin bir hissəsini ələ keçirən işğalçılara qarşı mübarizənin başlandığını elan etmişdi. Bu çıxış Türkiyə Cümhuriyyətinin qurulması ilə nəticələnən milli azadlıq mübarizəsinin əsasını təşkil edib.