
Türkiyə Ermənistanla münasibətlərin normallaşması istiqamətində növbəti addım atıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü “Sabah” qəzeti məlumat yayıb.
Məlumata görə, Türkiyə Ticarət Nazirliyi normallaşma prosesi çərçivəsində gömrük sistemində texniki tənzimləmə həyata keçirib.
Yeni qaydalara əsasən, bundan sonra Ermənistanla üçüncü ölkələr vasitəsilə həyata keçirilən idxal, ixrac və tranzit əməliyyatlarının gömrük bəyannamələrində Ermənistanın rəsmi ölkə kodu olan “077” istifadə edilə biləcək. Müvafiq dəyişikliklər artıq Türkiyənin gömrük informasiya sistemi olan BILGE platformasına inteqrasiya olunub.
Dəyişiklik nəticəsində Türkiyədən üçüncü ölkəyə, oradan isə Ermənistana göndərilən malların mənşə və ya son təyinat məntəqəsi kimi “Ermənistan” göstərilməsi mümkün olacaq.
Məlumata görə, hazırda Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi təxminən 335-350 milyon dollar təşkil edir. Sərhədlər açılsa, bu göstəricinin 1 milyard dollara çatdırmağı hədəflənir.