
Konstitusiya Məhkəməsində Latviya Respublikası Konstitusiya Məhkəməsinin sədri İrena Kutsinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Primeinfo.az xəbər verir ki, iyulun 10-da Azərbaycanda səfərdə olan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib. Qonaqlar, həmçinin akademik Zərifə Əliyevanın məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüblər.
Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini anaraq “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Ardınca Konstitusiya Məhkəməsində keçirilən görüşdə məhkəmə sədri Fərhad Abdullayev Azərbaycan ilə Latviya arasında dostluq münasibətlərinin və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın son illərdə dinamik inkişaf etdiyini bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin dəvəti ilə Latviya Prezidenti Edqars Rinkeviçsin bu ilin aprel ayında Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verib.
Görüşdə vurğulanıb ki, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də səmərəli əməkdaşlıq mövcuddur. Konstitusiya Məhkəmələri arasında əlaqələrin genişləndirilməsi, konstitusiya nəzarəti sahəsində təcrübə mübadiləsinin dərinləşdirilməsi və hüququn aliliyinin təmin olunması istiqamətində əməkdaşlığın əhəmiyyəti xüsusi qeyd edilib.
Fərhad Abdullayev qonaqlara Azərbaycanda hüquqi dövlət quruculuğu, məhkəmə-hüquq sistemində aparılan islahatlar, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətləri, konstitusiya nəzarətinin həyata keçirilməsi mexanizmləri və məhkəmə qərarlarının hüquq sisteminin inkişafındakı rolu barədə ətraflı məlumat verib.
Latviya Konstitusiya Məhkəməsinin sədri İrena Kutsina göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək rəhbərlik etdiyi məhkəmənin fəaliyyəti, konstitusiya nəzarəti sahəsində formalaşmış təcrübə və vətəndaşların konstitusion hüquqlarının müdafiəsi istiqamətində qəbul olunan qərarlar barədə danışıb. O bildirib ki, konstitusiya ədalət mühakiməsi orqanlarını maraqlandıran ortaq məsələlərin müzakirəsi və qarşılıqlı fikir mübadiləsi hər iki tərəf üçün faydalıdır.
Görüş çərçivəsində hər iki ölkənin Konstitusiya Məhkəmələrinin hakimləri və aparatlarının məsul əməkdaşlarının iştirakı ilə konstitusiya nəzarətinin aktual məsələləri, məhkəmə təcrübəsi, əsas hüquq və azadlıqların müdafiəsinin müasir mexanizmləri, rəqəmsal transformasiya şəraitində məhkəmə fəaliyyətinin təşkili, süni intellekt texnologiyalarının tətbiqi, məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər hüquqi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər bildiriblər ki, Konstitusiya Məhkəmələri arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi konstitusiya nəzarətinin səmərəliliyinin artırılmasına və mütərəqqi hüquqi yanaşmaların inkişafına mühüm töhfə verəcək.
Səfərin sonunda nümayəndə heyəti Konstitusiya Məhkəməsinin inzibati binası ilə tanış olub və xatirə şəkli çəkdirib.









