
İyulun 23-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 69, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 və dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 7,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Eləcə də yabanı halda bitmiş 2,2 ton çəkidə 9200 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 qumbara və 7 tüfəng aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər də saxlanılıb.