Xəbər axtarın

Son axtarış nəticələri:

Sahibə Qafarova Pİ-nin konfransında Ermənistanın işğalı nəticəsində vurulan ziyandan danışıb

09.07.2026 19:29

Sahibə Qafarova Pİ-nin konfransında Ermənistanın işğalı nəticəsində vurulan ziyandan danışıb

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın “Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi” mövzusunda videokonfransında çıxış edib, .

Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Sahibə Qafarova çıxışında silahlı münaqişələr zamanı ətraf mühitin qorunmasının təkcə ekoloji olmadığını, bunun humanitar, hüquqi və təhlükəsizlik baxımından zəruri bir məsələ olduğunu diqqətə çatdırıb. Spiker çıxışında Azərbaycanın təcrübəsində silahlı münaqişələrin ətraf mühit üçün yaratdığı dağıdıcı nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, otuz il davam etmiş işğal dövründə işğaldan zərər çəkmiş ərazilərə genişmiqyaslı ekoloji ziyan vurulub, meşələr qırılıb, torpaqlar deqradasiyaya uğrayıb, su ehtiyatları çirkləndirilib, biomüxtəliflik məhv edilib və təbii sərvətlər qanunsuz istismar olunub. Bundan əlavə, Sahibə Qafarova deyib ki, ərazilərdə basdırılmış bir milyondan artıq mina həm insanlar, həm də təbiət üçün ciddi təhlükə yaratmaqda davam edir, ekoloji bərpa prosesini və məcburi köçkünlərin təhlükəsiz qayıdışını ləngidir.

Milli Məclisin sədri qeyd edib ki, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı humanitar minatəmizləmə, ekosistemlərin bərpası, meşələrin salınması və yaşıl enerji layihələrini həyata keçirir. Azərbaycan parlamenti ölkənin müvafiq beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə uyğun olaraq, yeni qanunlar qəbul etmək və mövcud qanunlara düzəlişlər etməklə milli hüquqi çərçivəni gücləndirməyə davam edir. Bundan əlavə, 2024-cü ildə Milli Məclis Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik etmiş, Məcəlləyə “Ekosid” adlı maddə əlavə edib və ekosidi sülh və bəşəriyyət əleyhinə cinayət kimi təsbit edib. Həmçinin “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlar qəbul olunub.

Spiker Sahibə Qafarova həmçinin 2024-cü ilin noyabr ayında Bakıda Parlamentlərarası İttifaq və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən COP29 çərçivəsində birgə təşkil edilmiş Parlament Görüşündə qəbul olunan Yekun Sənədi xüsusi vurğulayaraq, qeyd edib ki, həmin sənəd parlamentləri münaqişələrin ətraf mühitə təsirlərinin qarşısını almağa, minaların və partlamamış hərbi sursatların vurduğu ekoloji zərər barədə məlumatlılığı artırmağa və ekosidlə mübarizə sahəsində qanunvericilik təşəbbüslərini gücləndirməyə çağırır.

Paylaş: