
Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Xanlar və Ağaxan Abdullayev küçələrinin kəsişməsində yeni svetoforlar quraşdırılıb.
Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması, sürücü və piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə kəsişmədə “L” və “A” tipli dirəklər üzərində nəqliyyat və piyada bölmələrindən ibarət yeni svetoforlar quraşdırılaraq istifadəyə verilib.
Qeyd olunub ki, yeni svetoforların istismara verilməsi nəticəsində kəsişmədə nəqliyyatın hərəkəti nizamlanıb, piyadaların yolu daha təhlükəsiz keçməsi üçün əlverişli şərait yaradılıb.
Məlumata görə, layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.