Xəbər axtarın

Son axtarış nəticələri:

Daşkənddə Özbəkistanın müstəqilliyinin 35 illiyi qeyd edilib - VİDEO

29.08.2026 11:15

Daşkənddə Özbəkistanın müstəqilliyinin 35 illiyi qeyd edilib - VİDEO

Daşkənddə Özbəkistanın müstəqilliyinin 35 illiyinə həsr olunmuş bayram tədbiri keçirilib.

Primeinfo.az xəbər verir ki, tədbirdə müxtəlif ölkələrin, diplomatik dairələrin, ictimaiyyətin və xarici media nümayəndələri iştirak ediblər.

İştirakçılar arasında İslam sivilizasiyası üzrə beynəlxalq mediaforum çərçivəsində Özbəkistanda səfərdə olan azərbaycanlı jurnalistlər də olub.

Tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də iştirak edib.

Bayram proqramı aviaşou ilə başlayıb. Daşkənd səmasında arxalarında Özbəkistanın dövlət bayrağının rənglərində iz buraxan qırıcı təyyarələr uçub.

Bundan əlavə, dronlarla səmada regionun tarixi və inkişafında mühüm rol oynamış görkəmli alim və mütəfəkkirlərin obrazları təqdim edilib.

Daha sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin çıxışı olub. Dövlət başçısı öz nitqində müstəqillik illərində ölkənin inkişafının əsas mərhələlərini, əldə edilmiş nəticələri, həmçinin gələcək inkişafın prioritet istiqamətlərini vurğulayıb.

Tədbir çərçivəsində Özbəkistanın qədim dövrlərdən müasir dövrədək tarixi yolunu göstərən genişmiqyaslı vizual proqram təqdim edilib.

Xüsusilə, sovet dövründə Özbəkistanın təbii sərvətlərinin amansızcasına istismarı və 1991-ci ildə müstəqillik əldə etdikdən sonra bərpanın çətin yolu qeyd olunub.

Bayram proqramının elementlərindən biri də robotun nümayişi olub. Onun təqdimatı Özbəkistanda informasiya texnologiyalarının, rəqəmsal həllərin və müasir təhsil təşəbbüslərinin inkişafını vurğulayıb.

Konsert proqramında məşhur ifaçılar, o cümlədən ispan opera müğənnisi Xose Karreras, britaniyalı aktrisa və müğənni Sara Braytman, italiyalı opera müğənnisi Alessandro Safina və digər tanınmış sənətkarlar çıxış ediblər.

Proqramın davamında rəqs kollektivləri çıxış edib. Rəngarəng dekorasiyalar və işıq effektləri ilə bəzədilmiş səhnədə sənətkarlar tədbirin bayram əhval-ruhiyyəsini tamamlayan rəngarəng xoreoqrafik quruluşlar təqdim ediblər.

Tədbir Özbəkistanın müstəqilliyinin 35 illiyinə həsr olunmuş bayram proqramının əsas hadisələrindən biri olub.

Paylaş: