
Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Arı noyabrın 29-da Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel” klubları arasında keçirilən Avropa Liqası matçı zamanı baş verən iğtişaşlarla əlaqədar ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Primeinfo.az xəbər verir ki,bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya məlumat verib.
Nazir müavini bildirib ki, Tiflis təhlükəsizlik risklərinə baxmayaraq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərindən çıxış edərək türkiyəli azarkeşlərin matçı izləməsinə icazə verib.
Lakin Gürcüstan tərəfinin məlumatına görə, ayrı-ayrı fanat qruplarının təxribat xarakterli hərəkətləri stadion infrastrukturunun zədələnməsinə və üç polis əməkdaşının xəsarət almasına səbəb olub.
Tiflis ümidvar olduğunu bildirib ki, Ankara baş verənlərə müvafiq qiymət verəcək və gələcəkdə bu cür insidentlərin qarşısının alınması üçün tədbirlər görəcək.
Xatırladaq ki, noyabrın 27-də Türkiyə XİN də Gürcüstan səfirini çağıraraq türkiyəli azarkeşlərə qarşı güc tətbiq edilməsi ilə bağlı etirazını bildirib.