
Sentyabrın 22-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 151, o cümlədən borclu şəxs qismində axtarışda olan 136 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər, dələduzluğa görə axtarışda olan 3 nəfər aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 25 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 49,7 kiloqram olan narkotik vasitə aşkarlanaraq götürülüb.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 6 tüfəng, 1 patron darağı və 83 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.