
ABŞ-nin Nyu-York şəhərində yaşayan azərbaycanlı və türk icmaları şəhərin meri Zohran Mamdaninin 1915-ci il hadisələri ilə bağlı paylaşımına etiraz ediblər.
Bu barədə Primeinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Türk-Amerika icmasının üzvləri Mamdaninin bəyanatlarına etiraz olaraq kütləvi aksiya keçiriblər. Aksiya şəhərin mərkəzi hissələrində təşkil olunub. İştirakçılar Türkiyə və Azərbaycan bayraqları ilə çıxış edərək müxtəlif şüarlar səsləndiriblər, plakatlar qaldırıblar. Onlar Mamdaninin açıqlamalarını qərəzli və siyasi motivli hesab etdiklərini bildiriblər.
Aksiya zamanı bəzi erməni əsilli şəxslərlə türk icmasının üzvləri arasında qısa müddətli gərginlik yaşanıb.
Türk bayrağı ilə bəzədilmiş və mübahisəli iddialara qarşı məlumatların yer aldığı rəqəmsal yük maşınları da Tayms Meydanından keçid edib.
Aksiya ilə bağlı yayılan yazılı açıqlamada Mamdaninin paylaşımının və Qarabağdakı son hadisələri təqdim etmə tərzinin yanlış olduğu vurğulanıb.
Açıqlamada qeyd olunub ki, Mamdani müxtəlif mədəniyyət və etnik qrupların bir arada yaşadığı şəhərin meri kimi bu cür həssas məsələlərdə balanslı mövqe sərgiləməlidir: “Sizin açıqlamanızda mübahisəli tarixi və siyasi məsələnin yalnız bir tərəfinin dəstəkləndiyini düşünür və bunun xidmət etdiyiniz icmalar arasında ayrı-seçkilik riski yaratdığından narahatlıq keçiririk”.
Bəyanatda Mamdaninin fikirlərinin qətiyyətlə rədd edildiyi bildirilib və 1915–1923-cü illərdə baş verən hadisələrin tarixi faktlar əsasında qiymətləndirilməsinin vacibliyi qeyd olunub.
Türk-Amerika icmasının həm Nyu-Yorka, həm də ABŞ-yə verdiyi töhfələr vurğulanan açıqlamada yanlış anlaşılmalara səbəb olan ifadələrdən çəkinməyin əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd edək ki, Nyu-York meri Zohran Mamdani aprelin 24-də “X” sosial media hesabında etdiyi paylaşımda Azərbaycanı və Türkiyəni 2020-ci ildə Qarabağın erməni əhalisinə hücumda və onları Qarabağdan qovmaqda ittiham edib. O, 1915-ci il hadisələrini “genosid” kimi təqdim edib və “1,5 milyon erməninin Osmanlı imperiyası tərəfindən öldürüldüyünü”, bu hadisələri “100 il əvvəl başlamış soyqırımı kampaniyasının davamı” adlandırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə sərt münasibət bildirib və Zohran Mamdaninin bu paylaşımını “əsassız və qərəzli” adlandırıb.
Посмотреть эту публикацию в Instagram

















