Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda kanalizasiyaya düşən gəncin ölümü ilə bağlı CƏZA istənildi - VİDEO

15.10.2026 13:33

Bakıda kanalizasiyaya düşən gəncin ölümü ilə bağlı CƏZA istənildi - VİDEO
Nərimanov rayonunda “Baksol yolu” ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Primeinfo.az-ın Oxu.az-a istinadən məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən proses də prokuror təqsirləndirilənin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını məhkəməyə təklif edib.

Müdafiə tərəfi çıxışlara hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses oktyabrın 29-na təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin (PHŞ) Bakı Sukanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Paylaş: