
Ermənistanın Rusiya ilə münasibətləri, Avropa kursu və Türkiyəylə təmasları regionun əsas müzakirə mövzularından biri olaraq qalır.
Primeinfo.az xəbər verir ki, Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) son bülletenində Ermənistan ətrafında baş verən proseslərə diqqət çəkilib və Moskva ilə Ankara arasında İrəvana yanaşma fərqləri müqayisə olunub.
Materialda ilk növbədə Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətləri və Avropa Birliyinə yaxınlaşması məsələsinə toxunulur. AVİM Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinin açıqlamasını xatırladır. Qaluzin bildirib ki, Ermənistanın eyni vaxtda həm Aİİ-də, həm də Avropa Birliyi orbitində olması praktik baxımdan mümkün deyil və Avropa kursu iqtisadi nəticələr doğura bilər.
Türk analitik mərkəzi qeyd edir ki, Moskvanın mesajı yalnız Ermənistan rəhbərliyinə deyil, ölkə daxilindəki auditoriyaya da hesablanıb. Kreml İrəvana açıq şəkildə xatırladır ki, Avropa istiqamətində addımlar Avrasiya məkanında əldə olunan iqtisadi üstünlüklərin itirilməsi ilə nəticələnə bilər.
Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın cavabı da diqqət mərkəzinə gətirilir. Paşinyan vurğulayıb ki, Ermənistanın Aİİ-də qalması və ya təşkilatdan çıxması məsələsini yalnız Ermənistan özü müəyyən edə bilər və bu qərar ölkənin suveren hüququdur. AVİM-in yanaşmasına görə, İrəvan hazırda həm Aİİ çərçivəsində qalmağa, həm də Avropa ilə dialoqu paralel aparmağa çalışır.
Analizdə Rusiyanın Ermənistan çiçəklərinə tətbiq etdiyi məhdudiyyətlər də siyasi kontekstdə qiymətləndirilir. AVİM qeyd edir ki, Moskvanın fitosanitar qaydalar adı altında tətbiq etdiyi bu addımlar böyük siyasi gərginliyin ticarət münasibətlərinə keçməsinin nümunəsi kimi görünür. Bununla yanaşı, Paşinyan bu prosesi “adi texniki prosedur” kimi təqdim etməyə çalışaraq daxildə siyasi temperaturu aşağı salmağa cəhd edir.
Türkiyə mərkəzi daha geniş mənzərəyə də diqqət çəkir: Ermənistanın xarici siyasət modeli hazırda bir tərəfdən Rusiya mərkəzli təhlükəsizlik və iqtisadi çərçivə, digər tərəfdən isə Avropa Birliyi, ABŞ, Türkiyə və Azərbaycanla daha mürəkkəb münasibətlər sistemi arasında balans axtarır.
Məqalədə xüsusi yer ayrılan məqamlardan biri Türkiyə-Ermənistan transsərhəd su ehtiyatları üzrə ilk birgə komissiya iclasıdır. Tərəflər Araz və Arpaçay çayları üzərində su idarəçiliyi məsələlərini müzakirə ediblər. Görüş əvvəlcə Ermənistan-Türkiyə sərhəd keçid məntəqəsində, daha sonra isə Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi ilə əlaqəli binada davam etdirilib.
AVİM-in təqdim etdiyi mənzərədə Türkiyə və Rusiya fərqli yanaşmalar nümayiş etdirən tərəflər kimi təqdim olunur: Moskva daha çox təzyiq, iqtisadi xəbərdarlıqlar və sərt şərtlərlə assosiasiya edilir, Ankara isə sərhədin açılmasını tələsmədən, Bakı faktorunu nəzərə alaraq praktik əməkdaşlıq və texniki təmasları mərhələli şəkildə inkişaf etdirən tərəf kimi göstərilir.