
Ukraynanın azadlığı uğrunda döyüşlərdə həlak olan 20 yaşlı azərbaycanlı gənc İsmayıl Əsgərov son mənzilə yola salınıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Musavat.com-a Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu məlumat verib.
O bildirib ki, 2005-ci il təvəllüdlü Əsgərov İsmayıl Aris oğlu Ukraynanın Poltava vilayətinin İvonçentsi kəndində yerləşən müsəlman qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində yerli ictimaiyyət nümayəndələri, hərbçilər və diaspora fəalları iştirak ediblər. Mərasimin təşkilatçılığını Ukrayna Azərbaycanlıları Radasının Poltava vilayəti üzrə sədri Füzuli Qənbərov həyata keçirib. Vida mərasimi Ukrayna himninin səslənməsi və yaylım atəşi ilə müşayiət olunub.
Ukraynalılar mərhumun cənazə karvanını xüsusi ehtiramla qarşılayaraq, yol kənarında diz çökərək onu son mənzilə yola salıblar.
Qeyd edək ki, İsmayıl Əsgərov 24 sentyabr 2005-ci ildə Xarkovda anadan olub. O, aprelin 18-də Donetsk vilayətinin Pokrovsk rayonuna bağlı Şevçenko qəsəbəsində döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

