
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə miqrasiya sahəsində əməkdaşlığı müzakirə edib.
Bu barədə Primeinfo.az-a DMX-dən məlumat verilib.
Xidmət rəisi qurumun əsas fəaliyyət istiqamətləri, Azərbaycanın miqrasiya siyasətinin prioritetləri, bu sahədə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Vüsal Hüseynov Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib. Xidmət rəisi Almatı Prosesi çərçivəsində istər Azərbaycanın sədrliyi dövründə, istərsə də Qazaxıstanın hazırkı sədrliyi zamanı həyata keçirilən qarşılıqlı fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Alim Bayel iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb və mövcud münasibətlərin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə tərəflər arasında miqrasiya sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
