
İranda banklara növbəti kiberhücum olub.
Primeinfo.az-ın xəbərinə görə, kiberhücum üç dövlət bankının kart xidmətlərində fasilələrə səbəb olub.
İranda bir neçə əsas banka qarşı ötən günlərdə həyata keçirilən kiberhücumlardan sonra bu gün baş verən yeni hücumlar bank xidmətlərində yenidən problemlər yaradıb. İranın İnformatika Xidmətləri Şirkətindən bildirilib ki, kiberhücumlar nəticəsində “Milli Bank”, “Saderat Bankı” və “Tejarət Bankı”nın kart əsaslı sistemlərində yaranmış problemlərlə əlaqədar müştərilərin məlumatlarının və vəsaitlərinin qorunması məqsədilə bu üç bank üzrə bütün kart xidmətləri müvəqqəti dayandırılıb.
Bununla əlaqədar hazırda həmin bankların kartlarından, bankomatlardan (ATM), POS terminallarından və kart xidmətlərinə qoşulan mobil tətbiqlərdən istifadə mümkün deyil.
Məlumatda qeyd olunub ki, texniki qruplar və kibertəhlükəsizlik üzrə mütəxəssislər problemi aradan qaldırmaq və sistemlərin mümkün qədər qısa müddətdə normal fəaliyyətini bərpa etmək üçün çalışırlar.
Qeyd edək ki, ötən həftə də İranda bir neçə banka qarşı həyata keçirilən kiberhücumlar onların fəaliyyətində fasilələrə səbəb olmuşdu.