
“Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) beynəlxalq aləmdə sürətlə böyüyən, regional sabitliyin və qlobal sülhün möhkəmləndirilməsində əsas aktora çevrilən nüfuzlu geosiyasi güc mərkəzidir. Ölkələrimiz arasındakı əlaqələr qardaşlıq, qarşılıqlı etimad və strateji maraqlar üzərində qurulub”.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşündə deyib.
O bildirib ki, bu birliyin güclənməsinin arxasında dövlət başçılarımızın sarsılmaz siyasi iradəsi dayanır:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda türk dünyasının inteqrasiyası əsas geostrateji hədəfimizdir. Dövlətimizin başçısının “Bizim bir ailəmiz var, o da türk dünyasıdır” bəyanatı hər birimiz üçün rəhbər prinsipdir. Bu strategiya ortaq mənəvi-humanitar dəyərlər üzərində birliyimizi qorumağı və gələcəyə birgə addımlamağı nəzərdə tutur. Müasir dünyanın mədəni mənzərəsi sürətlə dəyişir. Bəşəriyyət qlobal miqyasda bəzi Qərb dairələrində sistemli şəkildə yürüdülən anti-islam tendensiyaları və yeni ideoloji təhdidlərlə üz-üzə qalır. Bu gün İslam dinini terrorla eyniləşdirməyə çalışan, müqəddəs dəyərlərimizi hədəf alan bu təhlükəli meyllərə qarşı beynəlxalq müstəvidə ən qətiyyətli mübarizə aparan ölkələrdən biri Azərbaycandır. Bizim xalqlarımızın sahib olduğu tolerant dünyagörüşü əsrlər boyu birgəyaşayışdan doğan zəngin mənəvi prinsiplərin məhsuludur. Türk-İslam sivilizasiyası dünyaya hər zaman sülh, ədalət və humanizm bəxş edib”, – deyə sədr vurğulayıb.