
Paraqvay millisinin yarımmüdafiəçisi Xulio Ensiso komandasının dünya çempionatlarının pley-off mərhələləri tarixindəki ilk qoluna imza atmaqla tarixə düşüb.
Primeinfo.az Report-a istinadən xəbər verir ki, futbolçu bunu DÇ-2026-nın 1/16 finalında baş tutan Almaniya ilə oyunda reallaşdırıb.
Paraqvay komandası bundan əvvəl pley-off mərhələsində keçirdiyi 5 oyunda rəqib qapılarına yol tapa bilməyib. Kollektiv yalnız 2010-cu ildə Cənubi Afrika Respublikasında təşkil olunmuş dünya çempionatında Yaponiyanı penaltilər seriyasında üstələyərək 1/4 finala yüksəlib və həmin il çempionluq qazanan İspaniyaya uduzub.
Qeyd edək ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında Cənubi Amerika təmsilçisi 4:3 hesabı ilə qələbə qazanaraq 1/8 finala yüksəlib.
Paraqvay sözügedən mərhələdə Fransa – İsveç cütünün qalibi ilə üz-üzə gələcək.