
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirib.
Bu barədə Primeinfo.az-a XİN-dən məlumat verilib.
Görüş zamanı Azərbaycan-İordaniya dostluq və tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq istiqamətləri üzrə hazırkı vəziyyəti və inkişaf perspektivləri, habelə regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.
Nazirlər dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı etimadın ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm zəmin yaratdığını vurğulayıblar.
Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsinin ikitərəfli gündəliyin daha da zənginləşdirilməsi, regional və qlobal proseslər üzrə fikir mübadiləsinin davam etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Tərəflər əməkdaşlığın daha da sistemli inkişafı üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin, eləcə də Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının imkanlarından daha səmərəli istifadənin vacibliyini vurğulayıblar.
Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Qarşılıqlı investisiyaların təşviqi, birgə layihələrin həyata keçirilməsi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, işgüzar səfərlərin və biznes forumlarının təşkili istiqamətində fəaliyyətin artırılmasının vacibliyi vurğulanıb.
Sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal inkişaf, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın geniş perspektivlərə malik olduğu qeyd olunub. Azərbaycan tərəfi İordaniya şirkətlərini ölkəmizin tranzit və logistika imkanlarından, xüsusilə Orta Dəhlizin yaratdığı üstünlüklərdən, eləcə də Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi əlverişli investisiya mühitindən faydalanmağa dəvət edib.
Humanitar sahədə əməkdaşlığın inkişafı, mədəniyyət, elm və təhsil sahələrində birgə layihələrin həyata keçirilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Turizm sahəsində qarşılıqlı səfərlərin artırılmasının əhəmiyyəti vurğulanıb, 28 may 2026-cı il tarixindən Bakı-Əmman-Bakı marşrutu üzrə aviareyslərin həyata keçirilməsi müsbət qiymətləndirilib.
Görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb. Tərəflər sənədin vətəndaşların sərbəst hərəkətinə, turizm, iqtisadi, humanitar və işgüzar əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəyini bildiriblər.
Səfər çərçivəsində nazirlər həmçinin “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Nazirlər BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini nəzərdən keçirib, qarşılıqlı dəstəyə əsaslanan tərəfdaşlıqdan məmnunluq ifadə ediblər.
Görüş zamanı 2026-cı ilin ilk yarısında Azərbaycanda keçirilmiş Ümumdünya Şəhərsalma Forumu (WUF13), Bakı Enerji Həftəsi və bir sıra digər beynəlxalq tədbirlər, habelə cari ilin oktyabr ayında Bakıda keçiriləcək AQEM Sammitinə, eləcə də növbəti il İslam Əməkdaşlıq Təşkilatının sammitinə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Regional məsələlər üzrə müzakirələr zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti nəzərdən keçirilib. Böhranın yalnız siyasi və diplomatik vasitələrlə həllinin mümkün olduğu vurğulanıb, davam edən dialoq və danışıqlar prosesinə dəstək ifadə edilib.
Nazir Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi, ötən ilin avqust ayında Vaşinqtonda keçirilmiş tarixi sammit çərçivəsində əldə olunmuş razılaşmalar, eləcə də sülh prosesində mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.
Bununla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi, eləcə də mina təhlükəsinin yaratdığı çağırışlar barədə fikir mübadiləsi aparılıb.
Nazirlər Azərbaycan ilə İordaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyini vurğulayıblar.
Keçirilmiş görüşlərin nəticəsində Nazirlər mətbuat konfransında bəyanatlarla çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.
***
13:06
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadin arasında geniştərkibli görüş keçirilir.
Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş zamanı Azərbaycan–İordaniya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələri üzrə mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.
Tərəflər ikitərəfli hüquqi bazanın genişləndirilməsinin, eləcə də əməkdaşlığın daha sistemli şəkildə inkişaf etdirilməsi məqsədilə Azərbaycan–İordaniya Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyasının imkanlarından daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıblar.
Səfər çərçivəsində nazirlər Azərbaycan Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi, həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Enerji və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıblar.
Nazirlər həmçinin Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM)daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlığı nəzərdən keçirərək, qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Regional məsələlərin müzakirəsi zamanı nazirlər Yaxın Şərqdəki vəziyyəti nəzərdən keçiriblər. Onlar mövcud böhranın yalnız siyasi və diplomatik vasitələrlə həll oluna biləcəyini vurğulayaraq, davam edən dialoq və danışıqlar prosesinə dəstəklərini ifadə ediblər.
Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan–Ermənistan normallaşma prosesi, o cümlədən ötən ilin avqustunda keçirilmiş tarixi Vaşinqton Sammiti zamanı əldə olunmuş razılaşmalar və sülh prosesinin hazırkı vəziyyəti barədə ətraflı məlumat verib.
Nazirlər, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, eləcə də mina təhlükəsinin yaratdığı çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.
***
11:59
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə görüş keçirir.
Bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd edək ki, hazırda İordaniyanın xarici işlər naziri Əymən Əs-Safadi Bakıda rəsmi səfərdədir. Səfər çərçivəsində onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.
يلتقي الآن نائب رئيس الوزراء ووزير الخارجية وشؤون المغتربين أيمن الصفدي @AymanHsafadi وزير خارجية جمهورية أذربيجان جيهون بيراموف @Bayramov_Jeyhun، في باكو.#الأردن#أذربيجان
🇯🇴 🇦🇿 pic.twitter.com/9xE4ClznTm
— وزارة الخارجية وشؤون المغتربين الأردنية (@ForeignMinistry) July 8, 2026







