
Konqo Demokratik Respublikası (KDR) və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 001 nəfərə çatıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi məlumatında bildirilib.
Ölənlərdən 999-u Konqo Demokratik Respublikasının, 2-si isə Uqandanın payına düşür.
Laboratoriya şəraitində təsdiqlənmiş yoluxma hallarının sayı KDR-də 2 473, Uqandada isə 20 olub. Bundan əlavə, KDR-də daha 322 nəfərdə Ebola virusuna yoluxma şübhəsi qeydə alınıb.
Hər iki ölkədə ümumilikdə 501 nəfər sağalıb. Xəstəlikdən ölüm göstəricisi isə təxminən 40 faiz təşkil edir.
Konqo Demokratik Respublikası hökuməti mayın 15-də Ebola qızdırmasının yayılması ilə əlaqədar ölkədə epidemiya elan edib. Həmin gün Uqandanın Səhiyyə Nazirliyi də ölkədə ilk idxal olunmuş yoluxma faktını təsdiqləyib.
ÜST-nin baş direktoru isə mayın 17-də Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola epidemiyasını beynəlxalq əhəmiyyət daşıyan ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Hazırda epidemiyanın əsas ocağı Uqanda ilə sərhəddə yerləşən İturi əyaləti hesab olunur.