
Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Həsən Şeyx Mahmuda təbrik məktubu ünvanlayıb.
Primeinfo.az-ın məlumatına görə, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Somali Federativ Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Dostluğa və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Somali əlaqələri inkişaf edir və genişlənir. İnanıram ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətimizin potensialından tam istifadə olunması və əməkdaşlığımızın genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.
Bundan başqa, dövlət başçısı İlham Əliyev Kanadanın General-Qubernatoru Luiza Arbura da təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Kanada arasındakı əlaqələr xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq və rifah arzulayıram”.