
İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai regionda neftlə çirklənmənin dəniz ekosisteminə vurduğu zərərin trilyonlarla dollarla ölçüləcəyini bildirib.
Primeinfo.az xəbər verir ki, İ.Bəqai bu barədə “X” sosial şəbəkəsində yazıb.
İran XİN nümayəndəsi paylaşımına Kiş adası sahillərində çirklənməni əks etdirən videomaterial əlavə edib və hadisəyə xarici gəminin səbəb olduğunu bildirib.
“Bu insident son onilliklər ərzində Fars körfəzi və Oman dənizinin sularını, eləcə də regionun dəniz ekosistemini pisləşdirən, İranın sahilyanı ərazilərinə trilyonlarla dollar ziyan vuran aşkar və gizli genişmiqyaslı çirklənmənin nümunələrindən yalnız biridir”, – deyə diplomat qeyd edib.
İ.Bəqai əlavə edib ki, kommersiya gəmiçiliyində iştirak edən hər bir tərəf regiona dəyən zərərin aradan qaldırılmasına görə hüquqi və mənəvi məsuliyyət daşımalıdır.
“Associated Press” agentliyinin məlumatına görə, 247 metr uzunluğundakı “Caroline Bezengi” tankeri may ayında Qara dənizdəki limanlardan birindən yola düşüb. İyunun 8-də gəminin ekipajı göyərtədə partlayış baş verdiyini bildirib. Daha sonra tanker Oman əyalətinin Zufar vilayətindəki Əl-Həllaniyyat adaları yaxınlığında dayazlığa oturub və nəticədə neft məhsullarının sızması baş verib.
Məlumata görə, “Caroline Bezengi” tankerindən yayılan neft Oman sahillərinin 12 kilometrlik hissəsini çirkləndirib.