
Ukrayna ABŞ-nin vitse-prezidenti Cey Di Vensin xahişindən sonra Rusiyanın Novorossiysk limanından istifadə edən neft tankerlərinə dron zərbələrini dayandırıb.
Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna rəsmiləri bildiriblər.
“Financial Times” nəşrinin məlumatına görə, ABŞ tərəfi bu xahişi ötən ay Vaşinqtonun Ukraynanın hücumlarının neft bazarlarında sabitliyi poza və ABŞ şirkətlərinə ziyan vura biləcəyi ilə bağlı narahatlığı fonunda səsləndirib.
Söhbət Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) boru kəməri sistemi vasitəsilə ixrac edilməsi üçün Qazaxıstan neftini Novorossiyskdəki terminala çatdıran tankerlərdən gedir.
FT qeyd edir ki, Ukrayna CPC infrastrukturuna və Rusiyaya məxsus olmayan gəmilərə onların Ukrayna sanksiyalarına məruz qalmaması və Rusiya nefti və ya yükləri daşımaması şərti ilə zərbə endirməməyə razılıq verib.
Amerikalı rəsmi nəşrə təsdiqləyib ki, ABŞ administrasiyası Ukraynaya Qara dənizdə Rusiyaya məxsus olmayan gəmilərə hücumları dayandırmağın zəruriliyi barədə xəbərdarlıq edib.
Ukrayna son vaxtlar Rusiyanın enerji infrastrukturuna və gəmilərinə zərbələri aktivləşdirib. Kiyev bildirir ki, bu addımlar Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi resursların azaldılmasına yönəlib.
“Reuters” mənbələrinin məlumatına görə, iyul ayında Qara dənizdə dron hücumları səbəbindən CPC vasitəsilə neft tədarükü təxminən 20 % azalıb.