
Yevlaxda yol-nəqliyyat hadisəsində ölən şəxslərin qardaş olduqları məlum olub.
Primeinfo.az APA-ya istinadən xəbər verir ki, rayonun Salahlı kəndindən keçən hissəsində 1998-ci il təvəllüdlü Aqşin Hüseynovun idarə etdiyi “Mersedes Benz 200” markalı avtomobillə 1973-cü il təvəllüdlü Akif Hacıyevin idarə etdiyi “Lifan” markalı avtomobillə toqquşub.
Hadisə nəticədə Akif Əli oğlu Hacıyev və həmin avtomobildə olan qardaşı 1970-ci il təvəllüdlü Sabir Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
Bundan başqa, Akif Hacıyevin oğlu 2008-ci il təvəllüdlü Əli Hacıyev, Sabir Hacıyevin oğlanları – 2005-ci il təvəllüdlü Nihad Hacıyev və 2009-cu il təvəllüdlü Elcan Hacıyev, həmçinin Aqşin Hüseynov və 2009-cu il təvəllüdlü Rza Xurşudov xəsarət alıb.
Faktı üzrə Yevlax rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
***
12 avqust, 22.44
Yevlax rayonunun Salahlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (kişi) 12.08.2026-cı il tarixində saat 19:10 radələrindən başlayaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunublar.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicələri tibb müəssisələrinin müvafiq şöbələrində davam etdirilir. 3 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.