
Müddət keçib, vətəndaşa cavab yoxdur, bu zaman hansı addımları atmaq olar?
Dövlət qurumuna müraciət etmisiniz. Bir həftə keçir, sonra ikinci həftə. Telefonla maraqlanırsınız və sizə deyirlər: “Müraciətiniz icradadır”. Bu vətəndaş müraciətləri ilə bağlı ən çox eşidilən ifadələrdən biridir. Amma bu cavab vətəndaşa əsas məsələni demir, müraciət nə vaxt daxil olub və ona nə vaxt cavab verilməlidir?
“Vətəndaşların müraciətləri haqqında” Qanuna görə, müraciətlərə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
Burada söhbət təqvim günündən yox, iş günündən gedir. Şənbə, bazar və qanunvericiliyə uyğun olaraq iş günü hesab edilməyən bayram günləri hesablamaya daxil edilmir. 30 iş gününü bütün müraciətlər üçün ümumi müddət kimi qəbul etmək də düzgün olmaz. Əsas qayda 15 iş günüdür. Məsələnin əlavə öyrənilməsi və yoxlanılması tələb olunursa, 30 iş günlük müddət tətbiq edilir.
Məsələn, vətəndaş yaşadığı küçədə bir neçə həftədir işləməyən işıqlandırmanın bərpası üçün müraciət edir. Problemin mövcudluğunu müəyyən etmək və aidiyyəti xidmətin mövqeyini öyrənmək üçün mürəkkəb araşdırmaya ehtiyac yoxdursa, belə müraciətin uzun müddət “araşdırılır” vəziyyətində saxlanılması sual doğurur.
Başqa bir müraciətdə vətəndaş illər əvvəl qəbul edilmiş qərarın və həmin qərar əsasında aparılmış qeydiyyatın düzgünlüyünün araşdırılmasını istəyir. Bunun üçün arxiv materiallarının əldə edilməsi, əvvəlki sənədlərin yoxlanılması, başqa qurumda olan məlumatların sorğu əsasında alınması lazım gələ bilər. Belə vəziyyətdə əlavə öyrənilməyə ehtiyacın yaranması başadüşüləndir. 15 və 30 iş günü arasındakı fərq də əsasən buradan yaranır, müraciətin neçə səhifə olması yox, onun araşdırılması üçün hansı işlərin görülməsinin zəruriliyi əhəmiyyət daşıyır.
Müddəti hansı tarixdən hesablamaq lazımdır?
Praktikada anlaşılmazlıq daha çox burada yaranır. Vətəndaş ərizəni ayın 2-də yazıb, ayın 3-də poçta verib və müddəti də həmin tarixdən hesablamağa başlayır. Halbuki müraciətə baxılması müddətinin axımı onun müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Məktubu sentyabrın 3-də poçta vermisiniz, amma o, dövlət qurumuna sentyabrın 7-də daxil olubsa, müddətin hesablanması üçün sentyabrın 7-si əsas götürülür. Elektron müraciətdə bunu müəyyənləşdirmək adətən daha asandır. Sistem daxilolma tarixini və qeydiyyat nömrəsini göstərirsə, həmin məlumatı saxlamaq lazımdır.
Müraciətin surətini, daxilolma tarixini və qeydiyyat nömrəsini saxlamaq yaxşı vərdişdir. Poçtla göndərilibsə, qəbz, elektron sistemdən istifadə edilibsə, təsdiq bildirişi də saxlanıla bilər. Sonradan müddətlə bağlı mübahisə yarananda məhz bu məlumatlara ehtiyac olacaq.
Vətəndaşın müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə məlumat almaq hüququ var.
Bəzən müraciət yanlış quruma ünvanlanır. Burada da bütün məsuliyyəti vətəndaşın üzərinə qoymaq olmaz. İnsan dövlət idarəetmə sistemində hər bir qurumun səlahiyyət bölgüsünü dəqiq bilməyə bilər. Tutaq ki, həyətinizdə təhlükəli vəziyyətdə olan ağac barədə bir quruma müraciət etmisiniz, sonradan məlum olub ki, məsələ başqa qurumun səlahiyyətindədir.Qanuna görə, müraciətdə qaldırılan məsələ həmin qurumun səlahiyyətinə aid deyilsə, müraciət üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərilməli və müraciət edən şəxsə bu barədə məlumat verilməlidir. Vətəndaş həftələrlə gözləyib sonda “bu məsələ bizə aid deyil” cavabı almamalıdır. Aidiyyət məsələsinin müraciətə ilkin baxış zamanı müəyyənləşdirilməsi məhz buna görə əhəmiyyətlidir.
Müraciət başqa quruma göndərilibsə, onun hara və hansı tarixdə göndərildiyini öyrənmək də sonrakı mərhələdə işinizi asanlaşdıracaq.
15 iş günü keçibsə…
15-ci iş gününün tamam olması bütün hallarda qanunun pozulduğu nəticəsinə gəlmək üçün kifayət etmir. Müraciət əlavə öyrənilmə və yoxlanılma tələb edirsə, ona 30 iş gününədək baxıla bilər. Belə vəziyyətdə quruma “niyə cavab vermirsiniz?” deməkdənsə, müraciətin əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciət kimi icra olunub-olunmadığını soruşmaq daha konkret yanaşmadır. 30 iş günü də tamam olubsa, baxılma müddətinin uzadılıb-uzadılmadığını dəqiqləşdirmək lazım gəlir.
Bəzən məsələni bir qurumun özündə olan məlumatlarla həll etmək mümkün olmur. Başqa dövlət qurumundan sənəd istənilməsi, əlavə məlumat əldə edilməsi və ya sorğu göndərilməsi tələb oluna bilər. Qanun belə vəziyyətlərdə müraciətə baxılması müddətinin ən çoxu 30 iş günü uzadılmasına imkan verir. Bununla yanaşı, müraciət edən şəxsə müddətin uzadılması barədə məlumat verilməlidir.
Bu tələb praktik baxımdan xüsusilə vacibdir. Vətəndaş bir aydan sonra özü zəng edib müraciətin taleyini soruşanda ilk dəfə müddətin uzadıldığını öyrənməməlidir. “Müraciətiniz icraçıdadır”, “araşdırma davam edir”, “cavab hazırlanır” kimi ifadələr də müddətin hansı hüquqi əsasla uzadıldığı barədə məlumatı əvəz etmir.
Ona görə 30 iş günü keçdikdən sonra sualı konkret qoymaq mümkündür, “Müraciətə baxılması müddəti uzadılıbmı, uzadılıbsa hansı əsasla və bu barədə mənə nə vaxt məlumat verilib?”
15, 30 və əlavə 30 iş günü müddətlərinin yanaşı işlədilməsibəzən başqa yanlış təsəvvür də yaradır, guya dövlət qurumunun hər müraciətə cavab vermək üçün 60 iş günü var.Belə deyil. Adi müraciətə ən geci 15 iş günü ərzində baxılır. Əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciət üçün müddət 30 iş gününədəkdir. Əlavə məlumatların əldə edilməsi və ya sorğu göndərilməsi zərurəti yaranarsa, qanunda göstərilən qaydada müddətin ən çoxu daha 30 iş günü uzadılması mümkündür. Sonuncu halda əlavə vaxtın yaranması konkret zərurətlə bağlıdır. İstənilən müraciətin uzun müddət icrada saxlanılmasını “qanunda 60 iş günü nəzərdə tutulub” arqumenti ilə izah etmək doğru olmaz. Tutaq ki, müraciətiniz sentyabrın 3-də dövlət qurumuna daxil olub və həmin gün qeydiyyata alınıb. Hesablamaya bu tarixdən başlayırsınız və təqvim günlərini deyil, iş günlərini nəzərə alırsınız.
15 iş günü tamam olur, cavab yoxdur. Müraciətin əlavə öyrənilmə və yoxlanılma tələb edib-etmədiyinidəqiqləşdirirsiniz. 30 iş günü də başa çatıbsa, müddətin uzadılıb-uzadılmadığını və bu barədə sizə məlumat verilib-verilmədiyini öyrənirsiniz. Beləliklə, “çoxdandır cavab gözləyirəm” ifadəsinin yerini üç konkret məlumat tutur: daxilolma tarixi, qeydiyyat nömrəsi və keçmiş iş günlərinin sayı.
Bütün müraciətlər üçün eyni qayda tətbiq edilmir.
Ümumi 15 və 30 iş günü qaydasından başqa, qanunvericilikdə bəzi müraciət və məlumatlar üçün xüsusi müddətlər də nəzərdə tutulur. Məsələn, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılmalıdır.
Korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumatların araşdırılması üçün ayrıca müddət müəyyən edilib. Məlumatın gec verilməsi onun əhəmiyyətini itirməsinə səbəb olacaq hallarda da daha qısa müddətlər tətbiq oluna bilər.
Adi vətəndaşın bütün xüsusi müddətləri bilməsi gözlənilə bilməz. Müraciətin xarakterindən asılı olaraq onun üçün ayrıca müddətin müəyyən edilib-edilmədiyini yoxlamaq kifayətdir. Xüsusilə təcili xarakter daşıyan və ya ayrıca qanunvericiliklə tənzimlənən məsələlərdə ümumi 15–30 günlük qayda ilə kifayətlənmək doğru olmaya bilər.
Müddət keçib, cavab yoxdur. Əvvəlcə müraciətin hansı tarixdə daxil olduğunu və qeydiyyat nömrəsini dəqiqləşdirmək lazımdır. Sonra 15 və ya müvafiq halda 30 iş gününün nə vaxt tamam olduğunu hesablamaq, müddətin uzadılması barədə məlumat verilib-verilmədiyini yoxlamaq olar. Müraciət başqa quruma göndərilibsə, onun hara və nə vaxt göndərildiyi də əhəmiyyətlidir.
Eyni ərizəni yenidən uzun-uzadı yazmağa ehtiyac yoxdur. Qısa müraciət kifayət edə bilər:
“_ tarixdə daxil olmuş, _ qeydiyyat nömrəli müraciətim üzrə qanunla nəzərdə tutulmuş baxılma müddəti başa çatmışdır. Müraciətin hazırkı icra vəziyyəti, baxılma müddətinin uzadılıb-uzadılmadığı, uzadılıbsa bunun əsası və bu barədə məlumatlandırmanın tarixi barədə məlumat verilməsini xahiş edirəm.”
Cavab yenə yoxdursa, qurumun rəhbərinə və ya tabelik üzrə yuxarı dövlət orqanına şikayətdə “uzun müddətdir cavab ala bilmirəm” yazmaq əvəzinə tarixləri göstərmək daha məqsədəuyğundur.
Məsələn:
“Müraciətim 5 may tarixində qeydə alınıb. Qanunla nəzərdə tutulmuş baxılma müddəti başa çatıb. Müddətin uzadılması barədə mənə məlumat verilməyib.”
Birinci ifadə narazılığı bildirir. İkinci isə yoxlanıla bilən faktları ortaya qoyur.
Dövlət orqanının hərəkətsizliyi şəxsin hüquq və qanuni maraqlarına təsir edirsə, konkret hüquq münasibətindən asılı olaraq digər inzibati və məhkəmə müdafiəsi vasitələrinin tətbiqi məsələsi də yarana bilər. Burada hər vəziyyət ayrıca qiymətləndirilməlidir.
Müraciətin surətini, daxilolma tarixini, qeydiyyat nömrəsini və sonrakı yazışmaları saxlamaq buna görə əhəmiyyətlidir. Vətəndaş öz müraciətinin tarixçəsini bilməklə onun icrasını daha rahat izləyə bilir.
Dövlət qurumlarının elektron müraciət sistemlərində də yalnız “icradadır” statusunun göstərilməsi kifayət etməyə bilər. Müraciətin daxilolma tarixi, icra üçün nəzərdə tutulan müddət, aidiyyəti üzrə başqa quruma göndərilibsə bu barədə məlumat, müddət uzadılıbsa uzadılmanın qeyd edilməsi və mümkün olduğu hallarda yeni son tarixin göstərilməsi vətəndaş üçün sistemi daha aydın edə bilər.
Qeyd edək ki, bu yanaşma dövlət qurumlarının özünə də fayda verər. “Müraciətim nə yerdədir?” məzmunlu əlavə sorğuların bir hissəsinə ehtiyac qalmaz. Çünki qanunda “icradadır” adlı qeyri-müəyyən müddət yoxdur.
Bu məqalə ““Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş müraciətlərinə baxılmasının monitorinqi: şəffaflıq, cavabdehlik və innovasiyalar” layihəsi çərçivəsində hazırlanıb.
Xanoğlan Əhmədov