
Oktyabrın 23-25-də Dənizkənarı Milli Parkın ərazisində keçiriləcək Zeytun Festivalı çərçivəsində konsert proqramı da təşkil olunacaq.
Primeinfo.az xəbər verir ki, konsertdə tanınmış müğənnilər və musiqi qrupları iştirak edəcək.
Oktyabrın 23-də dinamik ritmləri ilə tanınan DJ Kamo səhnədə olacaq. Növbəti gün – oktyabrın 24-də musiqi proqramı Rilayanın çıxışı ilə başlayacaq. Daha sonra səhnə digər tanımış müğənni Mərdan Kazımovun ixtiyarına veriləcək.
Həmin gün axşam konsertində reper və mahnı müəllifi Orxan Zeynallı, Əməkdar artist Xəyyam Nisanov və Xalq artisti Zülfiyyə Xanbabayeva tamaşaçılar qarşısına çıxacaq.
Oktyabrın 25-də günorta konserti “Wave band” qrupunun çıxışı ilə açılacaq. Sonra isə musiqi proqramı Teymur Süleymanbəylinin, “Excellent band” qrupunun ifaları ilə davam edəcək.
Festivalın sonuncu günü axşam konsertində Azad Şabanov, Zamiq Hüseynov səhnəyə çıxacaqlar. Xalq artisti Aygün Kazımova isə öz ifası ilə festivalın musiqi proqramına yekun vuracaq.
Zeytun mövsümünün başlanmasına təsadüf edən festivalın məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.
Festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə baş tutacaq.
Üç gün davam edəcək festival ərazisinə giriş ödənişsizdir.
Festivalın iş saatları və konsert proqramlarının saatı barədə ətraflı məlumat “İnstagram” səhifəsində elan olunacaq.