
Bu gün saat 05:00-da Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən 207-ci kilometrində Mahmud Əliyevin idarə etdiyi “İsuzu” markalı avtokran tipli avtomobil yolun kənarında dayanan Uğurlu Pənəliyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Primeinfo.az-a verilən məlumata görə, qəza nəticəsində Mahmud Əliyevin sərnişini, İmişli şəhər sakini 1980-ci il təvəllüdlü Taleh Cabbarlı hadisə yerində həyatını itirib. Əraziyə YPX Alayının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
İlkin məlumata görə, hadisənin baş verməsinə səbəb Mahmud Əliyevin sükan arxasında yuxulaması nəticəsində avtomobilin idarəetmədən çıxması göstərilir.
BDYPİ oxşar səbəbdən ağır yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını ifadə edir və sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.