
İrəvanda keçirilən BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasının (COP17) kuluarlarında diqqətçəkən diplomatik insident yaşanıb.Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan yerli və xarici jurnalistlərə brifinq keçirdiyi əsnada mobil telefonuna zəng gəlib.
Primeinfo.az xəbər verir ki, A.Simonyan İrəvan ilə Bakı arasında davam edən sülh və normallaşma prosesi barədə mətbuata açıqlama verərkən kameralar önündə telefonunun ekranını göstərərək zəng edən şəxsin Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev olduğunu bildirib.
Simonyan kameralar qarşısında zəngi cavablandırmayaraq jurnalistlərə: “Yeri gəlmişkən, elə indi zəng edən şəxs odur [Hikmət Hacıyev]. Mətbuat üçün brifinqi bitirim, dərhal ona geri zəng edəcəyəm”, – deyə bildirib.
Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi daha əvvəl verdiyi bəyanatlarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə birbaşa və operativ əlaqə kanallarına malik olduğunu, ikitərəfli gündəlikdə duran mühüm məsələlərin tənzimlənməsi üçün müntəzəm olaraq telefon təmasları saxladıqlarını diqqətə çatdırmışdı.