Xəbər axtarın

Son axtarış nəticələri:

Saakaşvili: "İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm"

16.10.2026 10:51

 

 

 

Saakaşvili: "İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm"

“Hesab edirəm ki, mənim prezidentliyimin əsas nailiyyətlərindən biri Gürcüstan azərbaycanlılarının hüquqi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağımdır. Onlara qarşı həyata keçirilən reketçiliyə son qoydum. Onlar üçün həm Gürcüstanda, həm də xaricdə ali təhsil almaq imkanlarının qapısını açdım, onlara qarşı iqtisadi və hüquqi ayrı-seçkiliyinə son qoydum”.

Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili deyib.

“Mən onlara dövlət dilini – gürcü dilini, eləcə də amerikalı müəllimlərin iştirakı ilə həyata keçirilən proqram vasitəsilə ingilis dilini öyrənmək imkanı yaratdım. Tarixdə ilk dəfə olaraq onların “tatar” adlandırılmasına son qoydum və bu gün həmin termin yalnız çox marginal dairələrdə işlədilir. Mən azərbaycanlılarımızı xüsusilə sevirəm. “Mən” sözünü tez-tez işlətməyimə görə məni qınamayın, çünki bu, məhz mənim şəxsi təşəbbüsüm və böyük səylərimlə bağlı məsələ idi. Onlar da mənə hər zaman yalnız minnətdarlıq və sevgi ilə cavab verirdilər.

İndi isə vaxtilə ictimai fəal olmuş Samirə Bayramovaya demək istəyirəm: biz bütün dinlərin qorunduğu dünyəvi ölkəyik və bu ənənə hələ Qurucu Davidin dövründən gəlir. O, kilsələrlə yanaşı, məscidlərdə də dua edir və hamını bərabər şəkildə qoruyurdu. Gürcüstanda dini mənsubiyyətə görə ayrı-seçkilik qadağandır”, – o bildirib.

Saakaşvili qeyd edib ki, o, heç vaxt radikal islamizmi İslamla eyniləşdirməyib:

“Radikal islamizm bütün dünya, o cümlədən bizim üçün çox təhlükəlidir, çünki həqiqətən də terrorizm, zorakılıq və müharibələrlə əlaqəlidir. İslama isə hörmətlə yanaşırıq. Prezidentliyim dövründə də radikal islamçılara qarşı mübarizə aparmışam və gələcəkdə də həmişə onlara qarşı çıxacam, bu təhlükəni kökündən aradan qaldıracam. Məhz mən prezidentliyimin ilk illərində Gürcüstanda geniş yayılmış vəhhabilik cərəyanının kökünü kəsmişəm. Bu, bütün gürcülərin, o cümlədən Gürcüstan azərbaycanlılarının müdafiəsi üçün zəruridir.

Hicab, məsələn, İranda zülm alətinə çevrilib. İranda “əxlaq polisi”nin polis bölməsində işgəncə verərək öldürdüyü gənc qadını (Məhsa Əmini) xatırlayın. Məktəbli qızlara hicabın məcburi şəkildə geyindirilməsi ailələri tərəfindən həyata keçirilən zorakılıqdan başqa bir şey deyil. Əgər biz bunu qanuniləşdirsək, onda hansı maneə qalacaq ki, hansısa ağlını itirmiş ailə bunun İslam doktrinasına uyğun olduğunu düşünüb 9 yaşlı uşağın evləndirilməsini də qanuniləşdirməyə çalışmasın?”.

O vurğulayıb ki, İran son illərdə Gürcüstanda radikal islamizmin yayılması üçün hər vasitəyə əl atır:

“Bu istiqamətdə fəaliyyət göstərən “dini-təhsil” müəssisələrini maliyyələşdirir. Bəli, mən bu maliyyələşmənin qarşısını almaq, əsl İslamla heç bir əlaqəsi olmayan bu cür müəssisələri bağlamaq və İran agentlərini zərərsizləşdirmək niyyətindəyəm”.

Paylaş: