
Türkiyənin tanınmış ictimai-siyasi xadimləri və Türk Dövlətləri Təşkilatının nümayəndələri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbrik mesajları yayıblar.
Primeinfo.az xəbər verir ki,Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu qardaş Azərbaycanın müstəqillik gününü təbrik edərək bildirib ki, 1991-ci il oktyabrın 18-də yenidən müstəqilliyini elan edən Azərbaycan suveren dövlət kimi mühüm nailiyyətlər əldə edib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan və Türk dünyasına yeni zəfərlər arzulayan fikirlərini xatırladaraq iki ölkə arasında dostluq və qardaşlığın əbədi olmasını diləyib.
Türkiyənin Radio və Televiziya Baş İdarəsinin (RTÜK) sədri Mehmet Danış da Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb. O, “Bir millət, iki dövlət” şüarını vurğulayaraq Türkiyə-Azərbaycan qardaşlığının daim yaşamasını arzulayıb.
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik edib. O, bu tarixi günün Azərbaycan xalqının dözümlülüyünü, qətiyyətini, suverenliyinə və müstəqilliyinə sarsılmaz bağlılığını təcəssüm etdirdiyini bildirib, qardaş Azərbaycana sülh, birlik, tərəqqi və davamlı rifah arzulayıb.
Türkiyənin Xarici İşlər Nazirliyi də sosial media hesabında paylaşım edərək “Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü mübarək!” ifadələri ilə təbrik mesajını çatdırıb.
Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu isə təbrik mesajında “Can Azərbaycanın Müstəqillik Günü mübarək! Qardaşlığımız daim, müstəqilliyimiz əbədi olsun!”, – deyə vurğulayıb.
Təbrik mesajlarında Azərbaycan xalqının müstəqillik iradəsi, milli suverenliyi və Türkiyə-Azərbaycan qardaşlığının əhəmiyyəti xüsusi qeyd olunub.
