
Cənubi Qafqazda bəyan edilmiş sülh təkcə region ölkələrinə deyil, həm də ondan kənara fayda verəcək konkret hərəkətlər və real nəticələrlə müşayiət olunmalıdır.
Primeinfo.az xəbər verir ki,bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bəhreyndə keçirilən “Manama Dialoqu” forumunun yekun panel müzakirəsində çıxışı zamanı bildirib.
“Cənubi Qafqazın təcrübəsi təkcə uzunmüddətli qarşıdurmanın nə qədər baha başa gəldiyini deyil, həm də diplomatiyanın yarada biləcəyi imkanları göstərir. Lakin siyasi öhdəlik konkret hərəkətlər və real nəticələrlə müşayiət olunmalıdır”, – deyə o qeyd edib.
Mirzoyanın fikrincə, Azərbaycan və Ermənistan arasında əməkdaşlıq prinsipləri uzunmüddətli sülh və təhlükəsizliyə çevrilməlidir. Bunun üçün həyata keçirilən layihələr təkcə region ölkələrinə deyil, onun hüdudlarından kənarda yerləşən dövlətlərə də fayda gətirməlidir.
O hesab edir ki, bütün maraqlı tərəflər üçün imkanlar və qarşılıqlı fayda yaradan əlaqəlilik ümumi maraqları formalaşdırır, sülh və sabitliyin qorunmasına dair kollektiv öhdəliyi gücləndirir.
Bu kontekstdə Ermənistanın xarici işlər naziri TRIPP (“Tramp marşrutu”) layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Layihə dəmir yolu, elektrik enerjisi, optik lif, neft və qaz infrastrukturlarını əhatə edir.
Nazirin sözlərinə görə, layihə təkcə Bakı ilə İrəvan, eləcə də birbaşa qonşu ölkələr arasında deyil, Şərqlə Qərb, Şimalla Cənub arasında da əlaqələrin gücləndirilməsində mühüm rol oynayacaq.