Xəbər axtarın

Son axtarış nəticələri:

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilir

24.09.2026 10:00

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilir

Bu gün Bakının ev sahibliyi edəcəyi “Formula 1” Azərbaycan Qran-prisinə start verilir.

Primeinfo.az xəbər verir ki, “Formula 1” Azərbaycan Qran-prisinin ilk günü Bakı Şəhər Halqasında intensiv proqramla başlayacaq. Səhər saatlarından etibarən “Formula 2” və “Formula 1” pilotları trekə çıxaraq həftəsonunun ilk sərbəst yürüşlərinə start verəcəklər.

Bakı Şəhər Halqasından verilən məlumata görə, günün ilk sessiyası saat 10:00-da “Formula 2” pilotlarının sərbəst yürüşü ilə start götürəcək. 45 dəqiqəlik sessiyada pilotlar Bakı Şəhər Halqasındakı ilk dövrələrini tamamlayacaq, bolidlərin sazlanmalarını yoxlayacaq və günün iki sıralanma sessiyasına hazırlaşacaqlar.

Saat 12:30-da isə diqqət “Formula 1″ə yönələcək. Bir saat davam edəcək birinci sərbəst yürüşdə komandalar trekin mürəkkəb döngələrində bolidlərinin texniki xüsusiyyətlərini və “Pirelli” təkərlərinin dözümlülüyünü sınaqdan keçirəcəklər. Sessiya zamanı əldə olunan məlumatlar komandaların yarış strategiyasının formalaşdırılmasında mühüm rol oynayacaq.

Saat 14:00 və 14:30-da “Formula 2” pilotları ardıcıl davam edən iki sıralanma turları üçün yenidən trekə çıxacaqlar. Sıralanma turlarının sonunda sprint və əsas yarış üçün start mövqeləri müəyyənləşəcək.

Saat 16:00-da isə növbə “Formula 1” pilotlarının ikinci sərbəst yürüşünə çatacaq. Komandalar günün ilk sessiyasında başladıqları işi davam etdirərək, bolidlərin imkanlarını maksimuma artırmağa və tempə əlavə sürət qatmağa çalışacaqlar.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi çərçivəsində dəstək yarışını yalnız “Formula 2” keçirdiyi üçün bu il seriyanın Bakı mərhələsində genişləndirilmiş proqram tətbiq olunur. “Formula 2” həftəsonu bir sərbəst yürüş, iki sıralanma sessiyası, bir sprint və iki əsas yarışdan ibarət olacaq.

Trekdəki mübarizə ilə yanaşı, axşam saatlarında azarkeşləri musiqi proqramı da gözləyir. Dünya şöhrətli şotlandiyalı DJ və prodüser Kalvin Harris “Formula 1” Qatar Airways Azərbaycan Qran-Prisi 2026 çərçivəsində Bakı Kristal Zalında səhnəyə çıxacaq. “We Found Love”, “Summer” və “One Kiss” kimi qlobal hitləri ilə tanınan sənətçi Britaniyanın ən uğurlu rəqs musiqisi ifaçıları sırasında yer alır.

Sentyabrın 25-də isə “Formula 1”  üzrə sərbəst yürüşlər, “Formula 2” üzrə sprint yarışı keçiriləcək.

Nəhayət, sonuncu gün – ayın 26-da əsas yarış baş tutacaq.

10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hemilton, Corc Rassel, Maks Ferstappen, Şarl Lekler və digərləri yarışacaqlar.

Formula 1 təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.

Yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.

Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Bu il Bakı Şəhər Halqasında (BŞH) yeni tribuna quraşdırılıb. “City” adlanan yeni tribuna Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir. Yeni tribunanın istifadəyə verilməsi ilə BŞH-də tribunaların ümumi tamaşaçı tutumu 21 mini keçib.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub.

Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland), Oskar Piastri (Avstraliya), M.Ferstappen bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar.

Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.

Azərbaycan Qran-prisində ilk günün proqramı:

10:00. “Formula-2”: Sərbəst yürüş

12:30. “Formula-1”: Birinci sərbəst yürüş

14:00. “Formula-2”: Birinci sıralama turu

14:30. “Formula-2”: İkinci sıralama turu

16:00. “Formula-1”: İkinci sərbəst yürüş

Paylaş: