ƏMAS-da atalıq məzuniyyəti ilə bağlı yeni funksionallıq tətbiq edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) uşağının doğulması ilə əlaqədar kişilərə ödənişli məzuniyyət verilməsi ilə bağlı əmri e-qaydada formalaşdırmaq üçün yeni funksionallıq tətbiq edilib. Primeinfo.az-a bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, uşağının doğulmasını təsdiq edən tibbi arayış işçi tərəfindən təqdim edildikdən sonra işəgötürən ƏMAS-da: “Əmrlər” bölməsindən “Məzuniyyət əmri yarat” bölməsinə daxil olur, məzuniyyətin növünü seçir, məzuniyyətin hüquqi əsası kimi Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü hissəsini göstərir, işçiyə uşağının doğulmasından əvvəl və sonrakı dövr üzrə 14 təqvim günü ödənişli məzuniyyət verilməsinə dair əmri ƏMAS üzərində formalaşdırır.