
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun əməkdaşı Əli Qəniyev açıq mənbə resursları bazasında yaradılmış MİSP (Malware Information Sharing Platform) platformasının yeni versiyasında təhlükəsizlik boşluğu müəyyən edib.
Primeinfo.az-a bu barədə ETX-dən məlumat verilib.
Aşkarlanmış çatışmazlıq barədə operativ şəkildə aidiyyəti üzrə platformaya müraciət edilib. Təqdim edilən texniki tapıntı resurs sahibi tərəfindən yüksək qiymətləndirilib və qısa müddətdə müvafiq təhlükəsizlik yenilənməsi həyata keçirilərək boşluq aradan qaldırılıb.
TX əməkdaşının aşkarladığı təhlükəsizlik boşluğu və onun aradan qaldırılması ilə bağlı məlumatlar artıq bir sıra beynəlxalq resurslarda işıqlandırılıb və bu fakt azərbaycanlı kibertəhlükəsizlik mütəxəssislərinin qlobal kibertəhlükəsizlik ekosistemində peşəkar bacarıqlarının göstəricisi kimi dəyərləndirilib.
Qeyd edək ki, MISP kibertəhlükələrə dair məlumatların paylaşılması, saxlanılması və təhlili üçün beynəlxalq səviyyədə geniş istifadə olunan açıq mənbəli platformadır. Sistemdən müxtəlif ölkələrin dövlət qurumları, CERT komandaları və kibertəhlükəsizlik üzrə mütəxəssislər istifadə edirlər.