Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilir - FOTO - YENİLƏNİB

19.05.2026 22:50

Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilir - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Ahmed Ibrahim ilə görüş keçirib.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə olunub. Növbəti il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı məmnunluqla qeyd olunub.

Nazirlər siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin və xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd ediblər. Bu çərçivədə beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüş zamanı enerji təhlükəsizliyi, yaşıl enerji, kənd təsərrüfatı, investisiya, təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Sudan tərəfi Azərbaycanın dövlət idarəçiliyi, rəqəmsal inkişaf, infrastruktur quruculuğu və post-münaqişə bərpa sahəsində əldə etdiyi təcrübəyə maraq ifadə edib. Azərbaycan tərəfindən Sudanlı tələbələrə təhsil təqaüdünün ayrılmasına görə minnətdarlıq ifadə olunub. Bununla yanaşı, Azərbaycanın Sudandakı daşqınlar və COVID-19 pandemiyası ilə əlaqədar göstərdiyi humanitar yardımlar məmnunluqla xatırlanıb.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə ölkəmizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri, mina təhlükəsi ilə mübarizə istiqamətində görülən tədbirlər, habelə regional nəqliyyat və kommunikasiya layihələrinin əhəmiyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.

Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyində duran məsələlər və çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər də müzakirə edilib.

Səfər çərçivəsində nazirlər tərəfindən Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında saziş imzalanıb.

***
18:09

Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Ahmed İbrahim Azərbaycanda səfərdədir.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici işlər naziri Ceyhun Bayramov bu gün sudanlı həmkarı ilə görüşüb.

Nazirlər Azərbaycan–Sudan münasibətlərinin hazırkı gündəliyini, o cümlədən siyasi, iqtisadi, humanitar, təhsil, enerji, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Nazirlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsində Xarici İşlər nazirlikləri arasında siyasi dialoqun, qarşılıqlı səfərlərin və məsləhətləşmələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək vurğulanıb.

Nazir Ceyhun Bayramov Sudan tərəfinə Azərbaycanın münaqişədən sonrakı dövrdə bərpa və minalardan təmizləmə üzrə irimiqyaslı səyləri, habelə rabitə və nəqliyyat sahəsində regional təşəbbüslər barədə məlumat verib.

Sudan XİN rəhbəri Azərbaycanın dövlət idarəçiliyi, “ASAN xidmət”, rəqəmsal inkişaf və infrastrukturun yaradılması sahəsində təcrübəsinə maraq göstərdiklərini vurğulayıb, Sudan tələbələrinə ayrılan təhsil təqaüdlərinə görə minnətdarlığını bildirib.

Səfər çərçivəsində Azərbaycan və Sudan hökumətləri arasında diplomatik pasport sahiblərinin qarşılıqlı olaraq vizalardan azad edilməsi haqqında Saziş imzalanıb.

Paylaş: