
Dayanıqlı şəhər yalnız möhkəm binalardan ibarət şəhər demək deyil.
Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühitin mühafizəsi, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Şəhər zəlzələsinə hazırlığın gücləndirilməsi daha təhlükəsiz və daha davamlı şəhərlər üçün BMT-nin həlləri” adlı konfransda deyib.
Onun sözlərinə görə, Türkiyə coğrafi mövqeyinə görə, xüsusilə, zəlzələ başda olmaqla bir çox təbii fəlakət riski ilə qarşı-qarşıyadır:
“Şəhərsalma siyasətimizin mərkəzində yalnız böyümə və inkişaf deyil, eyni zamanda, təhlükəsizlik, dayanıqlılıq, risklərin azaldılması və fəlakətlərə hazırlıq dayanır. Bizim üçün dayanıqlı şəhər yalnız möhkəm binalardan ibarət şəhər demək deyil. Dayanıqlı şəhər – infrastrukturu, nəqliyyat sistemi, yaşıl zonaları, sosial obyektləri, iqtisadi həyatı və ictimai həmrəyliyi ilə böhranlar qarşısında ayaqda qala bilən şəhərdir”.