
İran–İsrail–ABŞ arasında davam edən gərginlik artıq lokal qarşıdurma çərçivəsini aşaraq qlobal təhlükəsizlik arxitekturasına, enerji bazarlarına və geosiyasi tarazlığa birbaşa təsir edən faktora çevrilir. Bu kontekstdə Azərbaycan coğrafi mövqeyinə və çoxşaxəli xarici əlaqələrinə görə proseslərin kənarında deyil, əksinə təsir zonasındadır.
Mövcud şəraitdə Azərbaycan üçün optimal strateji xətt balanslı və praqmatik xarici siyasətin davam etdirilməsidir. Ölkənin indiyə qədər formalaşdırdığı çoxvektorlu diplomatik yanaşma eyni anda İsrail, İran, ABŞ və Qərblə işləmək bacarığı onun əsas üstünlüyüdür. Bu reallıq “aktiv neytrallıq” modelini zəruri edir: yəni passiv müşahidəçi yox, açıq bloklaşmadan uzaq, çevik və hesablanmış davranış.
Azərbaycanın strateji davranışı iki zidd risk arasında balans tapmalıdır: bir tərəfdə geosiyasi bloklaşmanın yaratdığı təhlükələr, digər tərəfdə isə passivliyin doğura biləcəyi təsir itkisi. Türkiyə və Türk Dövlətləri ilə əməkdaşlıq Azərbaycanın təhlükəsizlik və iqtisadi təməlinin əsas sütunlarından biridir. Lakin bu əməkdaşlıq emosional ittifaq siyasəti səviyyəsinə qalxarsa və ya üçüncü tərəflərə qarşı yönəlmiş kimi təqdim olunarsa, əlavə risklər yarada bilər. Bu baxımdan ən rasional model strateji yaxınlıq və taktiki müstəqillik balansıdır.
Eyni zamanda, mövcud geosiyasi gərginlik enerji və logistika faktorlarınıda ön plana çıxarır. Azərbaycan üçün burada əsas imkan pəncərəsi alternativ enerji təchizatçısı və tranzit mərkəz kimi mövqeyini gücləndirməkdir. Bu isə yalnız resurslara deyil, idarəetmə effektivliyinə və institusional çevikliyə bağlıdır.
Mövcud reallıq Azərbaycan üçün iki paralel xətti zəruri edir: xarici siyasətdə balansın qorunması və geosiyasi risklərin idarə olunması, daxildə dayanıqlı, şəffaf və investisiya üçün etibarlı iqtisadi sistemin qurulması.
Strateji formul isə dəyişmir: sabitliyi qorumaq, iqtisadi transformasiyanı dərinləşdirmək, uzunmüddətli güc formalaşdırmaq.
Səftər Rəhimli, hüquq elmləri doktoru