Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan və Monteneqro arasında siyasi məsləhətləşmələr olub

28.04.2026 20:59

Azərbaycan və Monteneqro arasında siyasi məsləhətləşmələr olub

Podqoritsa şəhərində Azərbaycan Respublikası və Monteneqro Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Monteneqro nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin dövlət katibi Perişa Kastratoviç rəhbərlik edib.

Məsləhətləşmələr çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri üzrə siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, mövcud siyasi dialoqun gücləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, iqtisadi, enerji, turizm və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, eləcə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldiblər.

Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində F.Rzayev, həmçinin Monteneqronun digər bir sıra rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də Monteneqro Universitetində dəyirmi masa formatında keçirilən müzakirələrdə iştirak edib.

Paylaş: