
Son həftələrdir Azərbaycanda Şah İsmayıl Xətai və onun qurduğu Səfəvi dövlətinin türk tarixindəki yeri ilə bağlı müzakirələr səngimir. Peşəcə hüquqşünas olan Milli Məclisin üzvü Fazil Mustafanın Səfəvilərə qarşı illərdir davam edən təbliğatı tarixçi alimlərlə yanaşı bir çox siyasətçilərin, ictimai xadimlərin və fəalların etirazına səbəb olub.
Primeinfo.az xəbər verir ki,Prof. Dr. Zaur Əliyev Azərbaycanın görkəmli fikir adamlarının Şah İsmayıl Xətai və Səfəvi dövləti haqqında məqalələrindən bir sıra fikirləri toplayaraq sosial şəbəkə səhifəsində paylaşıb. Həmin paylaşımı təqdim edirik.
“Biz bu gün öz dilimizdə bir iki kəlmə yazmağa utandığımız halda, dörd yüz il bundan əvvəl Şah İsmayıl kimi böyük bir padşah kəsdirib atdığı fərmanlarını, ordusuna verdiyi əmrlərini ‘türk dili’ ilə yazırdı. Biz nə vaxt o şahın göstərdiyi yola gələcəyik?”.
Ömər Faiq Nemanzadə, “İrşad” qəzeti, 1906-cı il, № 89.
“Şah İsmayıl Xətai təkcə Səfəvi dövlətinin banisi deyil, Şərqdə milli dili dövlət səviyyəsinə qaldıran ilk böyük türk hökmdarıdır. Onun “Dəhnamə”si və türkcə fərmanları bizim milli mədəniyyətimizin, ədəbi dilimizin pasportudur. Bizim borcumuz bu böyük xaqanın irsini yad etmək və onun dilimizə verdiyi dəyəri yaşatmaqdır”.
Əli bəy Hüseynzadə, “Füyuzat” jurnalı, 1907-ci il, № 14 .
“Şah İsmayıl Xətai həm qılıncı, həm də qələmi ilə millətinə xidmət etmiş tarixi qəhrəmanımızdır. Onun sadə xalq dilində yazdığı mənzumələr uşaqlarımıza ana dilinin şirinliyini və zənginliyini öyrətmək üçün ən gözəl nümunədir”.
Abdulla Şaiq “Gülzar” dərsliyi (Bakı, 1907-ci il nəşri, “Xətai” bölməsi).
“Bizim bu gün öz dilimizdə yazmaqdan çəkinən, başqa millətlərin dilində danışmağı məriqət sayan ziyalılarımız Şah İsmayılın 16-cı əsrdə göstərdiyi qeyrətdən ibrət almalıdırlar. Şah İsmayılın qılıncı və qələmi türk dilinin böyüklüyünü bütün dünyaya sübut etmişdir”.
Əhməd bəy Ağaoğlu, “İttifaq” qəzeti, 1909-cu il.
“Xətai tək bir şair deyildir, o, ana dilimizin bayraqdarıdır. Əgər Şah İsmayılın qılıncı olmasaydı, bəlkə də bu gün türk dili bu qədər geniş bir coğrafiyada hakim ola bilməzdi. Onun şeirləri saray mühitinin mürəkkəbliyindən uzaq, xalqın, aşıqların anladığı təmiz türkçədir. Xətaini oxuyan hər bir azərbaycanlı öz dilinin qüdrətini hiss edər.”
Salman Mümtaz. “İqbal” qəzeti, 1913-cü il, № 412.
“Şah İsmayıl Xətai təkcə bir imperatorluq quran sərkərdə deyil, eyni zamanda türk dilini saraya, orduya və ədəbiyyata gətirən böyük bir şəxsiyyətdir. Fars və ərəb dilinin hakim olduğu bir zamanda Şah İsmayıl öz fərmanlarını, ordusuna əmrlərini və lirik şeirlərini ana dilimizdə – türkçə yazdı… Bu gün öz dilini bəyənməyən, başqa dillərdə danışmağı fəxr bilən ziyalılarımız 16-cı əsrdə böyük bir dövlətin başında duran Şah İsmayıldan dərs almalıdırlar.”
Məhəmmədəmin Rəsulzadə “Açıq söz” qəzeti, 1915-ci il, № 12.
“Şah İsmayıl Səfəvi İmperiyasını qurarkən Avropa hökmdarları ilə diplomatik məktublaşmalar aparmış, eyni zamanda öz dövlətinin daxili işlərində, ordusunda ana dilini hakim etmişdir. Şah İsmayılın zamanı Azərbaycan xalqının siyasi və mədəni yüksəlişinin qızıl dövrüdür.”
Ceyhun bəy Hacıbəyli, “İttihad” qəzeti, 1918-ci il, № 21.
Şah İsmayıl “bu coğrafiyada məzhəb faşizminin qurucusudur.”
Fazil Mustafa, “525-ci qəzet”, 16 oktyabr 2025-ci il.