Xəbər axtarın

Son axtarış nəticələri:

Yaponiyada Naqasaki qurbanlarının xatirəsi yad ediləcək

09.08.2026 10:45

Yaponiyada Naqasaki qurbanlarının xatirəsi yad ediləcək

Amerika tərəfindən Naqasakiyə atom bombası atılmasının 81-ci ildönümü münasibətilə anım mərasimi avqustun 9-da şəhər Sülh Parkında keçiriləcək.

Primeinfo.az xəbər verir ki, yerli vaxtla saat 11:02-də (Bakı vaxtı ilə 06:02-də) – 1945-ci ildə atom bombasının partladığı anda – Yaponiyada bir dəqiqəlik sükut elan ediləcək.

Daha sonra Naqasaki meri Şiro Suzuki Sülh Bəyannaməsini oxuyacaq. Mərasim iştirakçıları qarşısında Yaponiyanın Baş naziri Sanae Takaiçi də çıxış edəcək.

Tədbirlərdə 100-ə yaxın ölkə və regionun nümayəndələri iştirak edəcək. Xarici qonaqların bir çoxu artıq atom partlayışının episentrində yerləşən abidənin önünə gül dəstələri qoyublar.

Xatırladaq ki, Naqasaki 1945-ci ilin avqustunda Xirosimadan sonra Amerikanın nüvə zərbəsinə məruz qalan Yaponiyanın ikinci şəhəri olub. “B-29” bombardmançısının ilkin hədəfi Kokura şəhəri idi, lakin qatı bulud səbəbindən təyyarə Naqasakiyə doğru istiqamət alıb.

Xirosima və Naqasakinin atom bombardmanları tarixdə nüvə silahının döyüş məqsədilə tətbiq edildiyi yeganə hallar olub. ABŞ bəyan edirdi ki, zərbələr Yaponiyanın təslim olmasını sürətləndirmək və ehtimal edilən quru müdaxiləsi zamanı irimiqyaslı itkilərin qarşısını almaq üçün endirilib.

Paylaş: