
Azərbaycan-Ermənistan sülh prosesində itkin şəxslərin taleyinin aydınlaşdırılması məsələsinin həlli vacibdir.
Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”da deyib.
O bildirib ki, burada yalnız keçmişdə yaşanmış münaqişələrin nəticələrini deyil, keçmişin yaralarının necə sağaldılacağını, cəmiyyətlər arasında etimadın necə gücləndiriləcəyini və davamlı sülhün hansı humanitar əsaslar üzərində qurulacağını müzakirə etməliyik:
“Dünyanın bir çox bölgəsində müharibələr və siyasi gərginliklər davam etdiyi bir vaxtda Cənubi Qafqazda sülh və sabitlik istiqamətində atılan addımları məmnuniyyətlə izləyirik”.
Ş.Ayrım qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhə və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş mətninin paraflanması sülh prosesi baxımından mühüm hadisə olub:
“Arzumuz prosesin tərəflərin razılığı əsasında irəliləməsi, Cənubi Qafqazın münaqişələrin deyil, sülhün, əməkdaşlığın, ticarətin, nəqliyyatın və ümumi rifahın hökm sürdüyü regiona çevrilməsidir. Türkiyə olaraq regionda davamlı sülhə, sabitliyə və rifaha töhfə verəcək konstruktiv addımları dəstəkləməyə davam edirik”.
Türkiyəli deputat qeyd edib ki, davamlı sülh yalnız siyasi sənədlərlə təmin edilə bilməz. Sülhün ictimai əsaslarının möhkəmləndirilməsi üçün keçmişdən qalan humanitar məsələlər də həll edilməlidir:
“Bu baxımdan paraflanmış saziş mətninin 9-cu maddəsində itkin şəxslər məsələsinə yer verilməsini mühüm hesab edirik. Bu maddə çərçivəsində tərəflərin itkin şəxslərin taleyinin aydınlaşdırılması məqsədilə mövcud məlumatları paylaşması və bu istiqamətdə əməkdaşlıq etməsi nəzərdə tutulur”