
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 7-də Bakının Yasamal rayonunda və Biləcəri qəsəbəsində təmir və yenidənqurma işləri aparılacaq.
Bu barədə “Azərişıq” ASC-dən Primeinfo.az-a bildirilib.
Məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən transformator məntəqəsində təmir işləri görüləcək. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, İsmayıl bəy Qutqaşınlı və Mirəli Seyidov küçələrində, Parlament prospektinin bir hissəsində, eləcə də Qanlı göl ətrafında elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Həmçinin Biləcəri qəsəbəsində 6 kV-luq “Biləcəri-1” və “Biləcəri-2” hava xətlərində yenidənqurma işləri aparılacaq. İşlərlə əlaqədar Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidmət ərazisinə daxil olan Xudadat bəy Məlik-Aslanov küçəsi və yeni yaşayış massivində saat 10:00-dan 16:00-dək elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Qeyd olunub ki, görüləcək işlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması mümkün olacaq.