Xəbər axtarın

Son axtarış nəticələri:

60 ildən sonra İLK: Tramp Si Cinpini ABŞ-də hərbi bazada qarşılayıb - FOTO - VİDEO

24.09.2026 10:25

60 ildən sonra İLK: Tramp Si Cinpini ABŞ-də hərbi bazada qarşılayıb - FOTO - VİDEO

Çin Xalq Respublikasının sədri Si Cinpin sentyabrın 23-də ABŞ-yə 3 günlük dövlət səfəri başlayıb.

Primeinfo.az xəbər verir ki, Çin liderinin təyyarəsi Vaşinqton yaxınlığındakı “Endryus”  hərbi bazasına yerli vaxtla saat 17:39-da enib.

Si Cinpini təyyarənin trapında ABŞ Prezidenti Donald Tramp qarşılayıb. ABŞ prezidentinin xarici lideri şəxsən hava limanında qarşılaması nadir protokol addımı hesab olunur.

Təyyarənin qarşısında qırmızı xalça sərilib, onun hər iki tərəfində ABŞ hərbçiləri parad formasında düzülüb. Donald Tramp və Si Cinpin bir-birinin əlini sıxıb və bir neçə dəqiqə söhbət ediblər.

Daha sonra hərbi orkestr Çin və ABŞ-ın dövlət himnlərini ifa edib. Ardınca artilleriya yaylımı həyata keçirilib. Hava bazasının üzərindən ABŞ hərbi təyyarələri, o cümlədən B-1 bombardmançıları uçub.

Donald Tramp və ABŞ-ın birinci xanımı Melaniya Tramp Si Cinpin və onun həyat yoldaşı Pen Liyuanı avtomobilə qədər müşayiət edib.

Daha sonra ABŞ Prezidenti və birinci xanım helikopterlə hava bazasından ayrılıblar.

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, hava limanının uçuş-enmə zolağında altı F-16 və altı F-22 qırıcısı da yerləşdirilib.

Ağ Evin açıqladığı proqrama əsasən, Si Cinpinin qarşılanma mərasimindən sonra tərəflər arasında rəsmi danışıqlar nəzərdə tutulmayıb. Səfərin əsas proqramı növbəti gün keçiriləcək.

Cümə axşamı Donald Tramp və Melaniya Tramp Çin Sədri və xanımını Ağ Evdə rəsmi mərasimlə qarşılayacaqlar. Mərasim çərçivəsində dövlət başçılarının çıxışları, Ağ Evin Gül bağında hərbi baxış, həmçinin B-2 bombardmançı təyyarəsi və dörd F-22 qırıcısının iştirakı ilə uçuş nümayişi keçiriləcək.

Daha sonra Donald Tramp və Si Cinpin qapalı görüş keçirəcəklər.

Axşam isə Ağ Evin Şərq zalında Çin liderinin şərəfinə dövlət ziyafəti təşkil olunacaq.

Danışıqların əsas diqqət mərkəzində ABŞ-Çin ticarət münasibətləri, tariflər, nadir torpaq minerallarının tədarükü və süni intellekt sahəsində rəqabət və əməkdaşlıq olacaq. Tayvan məsələsi və İranla bağlı vəziyyətin də müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu, Si Cinpinin son 11 ildə ABŞ-yə ilk dövlət səfəridir. Səfər sentyabrın 25-də başa çatacaq.

Xatırladaq ki, Donald Tramp mayın 13-15-də Çinə səfər edib.

Paylaş: